Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2559/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs – Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1991-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş 16 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15 aprel 2025-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində sərxoş vəziyyətdə səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı – X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları 15 aprel 2025-ci tarixdə xidmət olduqları zaman saat 22:30 radələrində S.Vurğun küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində bir nəfər şəxsin spirtli içkinin təsiri altında vətəndaşlara maneəçilik törətdiyini, ünvansız nalayiq ifadələr işlətdiyini görərək həmin şəxsə yaxınlaşmışlar. Polis əməkdaşları həmin şəxsi nizamintizama dəvət etsələr də, sonuncu polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, həmin şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Daha sonra Şəxs həkim müayinəsindən keçirilmiş və müəyyən olunmuşdur ki, sonuncu spirtli içkinin təsiri altındadır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 15 aprel 2025-ci tarixdə saat 22:00 radələrində kafedə içkiləri qarışdırdığı üçün sərxoş vəziyyətdə olmuşdur. Daha sonra Ş.Əzizbəyov küçəsində spirtli içkinin təsiri altında səs-küy salmış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. O, spirtli içkinin təsir altında olduğu üçün öz hərəkətlərini dərk etməmişdir. Əməlindən peşmandır. Qeyd etiklərinin nəzərə alınaraq barəsində yüngül həddə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 16 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 15 aprel 2025-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində sərxoş vəziyyətdə səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında 15 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:00-da tutulmuşdur. xx.xx.2025-ci il tarixli, 2/20988 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, həmin tarixdə Şəxs sərxoşluq dərəcəsi orta olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 15 aprel 2025-ci il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edərək peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta hadisəni sərxoş halda törətməsi əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini – yəni ictimai qayda əleyhinə olduğunu, təqsirin dərəcəsini – polis əməkdaşlarına tabe olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 23:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2559/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2559/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver