Məhkəmə qərarları › İş №3(006)-2563/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2563/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2563/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə «LA CASA HOTEL NİZAMİ»də yaşayan Rusiya Federasiyasının vətəndaşları Saprykina Svetlana, Belov Evgenii və Belov Vsevolod qanunvericiliklə müəyyən edilmiş müddət (15 gün) ərzində olduğu yer üzrə qeydiyyata alınmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, «LA CASA HOTEL NİZAMİ»ni işlədir və həmin otelin təsisçilərindən biridir. Rusiya Federasiyasının vətəndaşları Saprykina Svetlana, Belov Evgeniy və Belov Vsevolod xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həmin otelə gələrək orada yaşamağa başlamışdır. Daha sonra qeyd olunan Rusiya vətəndaşları oteli tərk edərək getmişlər. Saprykina Svetlana, Belov Evgeni və Belov Vsevolod oteldə uzun müddət qalmadıqlarına görə onların qeydiyyata alınmasına lüzum olmamışdır. Həmçinin protokola əlavə edilmiş sənədlərdə olan CA 2022-00458 invoys üzrə sənəd şirkətin möhürü ilə imzalanmamışdır. Həmin sənəd saxta olduğundan sübut növü kimi qiymətləndirilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 verdiyi izahatında göstərdi ki, Rusiya Federasiyasının vətəndaşları Saprykina Svetlana, Belov Evgeniy və Belov Vsevolod olduğu yer üzrə qeydiyyat qaydalarına əməl etməməsi Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırılmışdır. Araşdırma zamanı əcnəbilərin Azərbaycan Respublikasına gəldiyi və 20 iyul 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək Şəxs MMC-yə məxsus oteldə yaşadığı, lakin qanunvericilikdə müəyyən edilmiş müddət ərzində (15 gün) olduğu yer üzrə qeydiyyata alınmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmiş və barəsində qeyd olunan maddəyə əsasən inzibati tənbeh qərarı qəbul edilmişdir. Şəxslər verdiyi yazılı izahatlarında Azərbaycan Respublikasına ilk dəfə gəldiyi üçün qanunvericiliyin tələblərindən məlumatsız olduğunu, yaşadığı oteldə qeydiyyata alınmadıqlarını qeyd etmişdir. Qeyd olunanlarla bağlı Şəxs MMC tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat qaydalarının pozulması faktı aşkar olunmuş, bu barədə 12 may 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda Rusiya Federasiyası vətəndaşlarının qanunvericilikdə müəyyən olunan müddət ərzində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müvafiq tədbirlər görməyən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmazdan əvvəl MMC-nin nümayəndələri ilə əlaqə saxlanılaraq miqrasiya idarəsinə dəvət edilsə də, MMC-nin nümayəndəsi gəlməmiş və araşdırmanın hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə aparılmasına şərait yaratmamışdırlar. Qeyd olunanları nəzərə alaraq, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 575.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının vətəndaşları Saprykina Svetlana, Belov Evgeniy və Belov Vsevolodun 06 avqust 2022-ci il tarixli izahatlarından görünür ki, qeyd olunan şəxslər «LA CASA HOTEL NİZAMİ» adlı oteldə yaşamışdır. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən möhürlənərək təsdiq olunmuş CA 2022-00458 nömrəli invoys üzrə sənədin surətindən görünür ki, Saprykina Svetlana 20 iyul 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək və 26 iyul 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək «LA CASA HOTEL NİZAMİ» otelində yaşadığından ümumilikdə 1520 manat ödəniş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq barəsində həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar