Məhkəmə qərarları › İş №3(006)-2572/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2572/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2572/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: 21-ci polis bölməsinin sahə inspektoru X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, ev 04 mənzil 05-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs 25 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gələrək oradan 400 manat pul oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X3 göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvana gələrək sonuncuya məxsus 400 manat pulu masanın üzərindən gozlicə götürüb getmişdir. Zərərçəkmiş şəxs da dərhal bunu aşkar edib Mehribana bildirəndə, sonuncu pula ehtiyacı olduğu üçün bu hərəkəti etdiyini və qısa müddət ərzində onu qaytaracağını desə də, pulu qaytarmamışdır. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 15 may 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və 400 manat pulu oğurlamaqda şübhəli bilinən Şəxs əməli sübuta yetirildiyi halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunması üçün qərarın icrası ərazi sahə inspektoruna həvalə edilmişdir. Bundan sonra Şəxs barəsində müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, tanışı Şəxs xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvan 1 ünvanına gəlmiş və ona məxsus 400 manat pulu oğurlamışdır. Belə ki, Mehriban onun yaşadığı evə gəlib nahar edən zaman 400 manat pulu masanın üzərində olmuş, o isə namaz qılmaq üçün digər otağa keçmiş, qayıdanda isə pulun və Mehribanın otaqda olmadığını aşkar etmişdir. O, dərhal Mehribanın arxasınca getmiş, onu geri qaytarmış və həmin pulu onun cibindən çıxarmışdır. Bu zaman Mehriban ağlamağa başlamış və sevgilisi Seyidin pula ehtiyacı olduğunu və qısa zamanda qaytaracağını bildirmişdir. O da Mehribana inanmış və həmin pulu ondan almamışdır. Lakin bugünə kimi pulu Mehriban ona qaytarmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, təxminən 03-04 ildir Zərərçəkmiş şəxs tanıyır. Əsmər bacısının yoldaşının səhhətində problemlərin olduğunu bildirdiyi üçün o, xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvan 1 ünvanına gəlmişdir. Həmin vaxtı Əsmər namaz qılmış və o da onun yanında olmuşdur. Zərərçəkmiş şəxs müraciətində qeyd olunan xüsusatlar şər və böhtandır, o, hər hansı bir məbləğdə pulu oğurlamamış, borca almamış və ya hər hansı bir adla ondan pul istəməmişdir. Hətta, Əsmərin ona şər atacağı barədə onda səs yazıları da var. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilə bilinmədiyi üçün iş üzrə başlanılmış icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs onun yaşadığı ünvan 1-dan Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 400 manat pulun oğurlanmasını bildirsə də, bu faktı onun izahatından başqa əlavə təsdiq edə biləcək hər hansı dəlil məhkəmədə müəyyən edilməmiş, bununla bağlı inzibati xəta haqqında protokolu tərtib edən şəxs də tutarlı dəlil təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar