Məhkəmə qərarları › İş №3(006)-2572/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2572/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2572/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon icra hakimiyyətinin nümayəndəsi X6, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 Nəsimi Rayon icra hakimiyyəti başçısının müavini Ramiz Quliyev tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Nəsimi Rayon icra hakimiyyəti başçısının müavini Ramiz Quliyev tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə məktub almışdır. Məktubu açıb içərisində qoyulmuş qərarla tanış olduqda ona məlum olmuşdur ki, Nəsimi RİH Başçısının müavini Ramiz Quliyev tərəfindən barəsində qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 395.1-ci maddəsi üzrə təqsirli bilinərək, həmin maddəyə uyğun olmayan məbləğdə, yəni 800 manat məbləğində cərimə edilmiş və həmin cərimə məbləği şərti olaraq tətbiq edilmişdir. Qərara əsasən həmin cərimə üzrə hüquqpozma aradan qaldırılmadığı təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Əslində isə bu belə deyildir. Onların qanunsuz dedikləri tikinti işləri tam qanuni aparılmışdır. Tikinti onun deyil, mülkiyyətçi X5 mülkiyyəti olmuşdur. Həmin tikinti işlərinin aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq qurumlara məlumatlar verilmişdir. Qanunda müəyyən olunmuş müddət keçdikdən sonra tikinti işləri aparılmış və tam başa çatdırılmışdır. Lakin bütün bunlara baxmayaraq, xx.xx.2025-ci il tarixdə Nəsimi rayon İcra hakimiyyətinin nümayəndələri heç bir rəsmi məlumatlandırma olmadan qanunamüvafiq qaydada inşa edilmiş əmlakı qanunsuz olaraq sökməklə mülkiyyətçiyə maddi ziyan vurmuşlar. Bununla bağlı mülkiyyətiçi tərəfindən maddi və mənəvi ziyanla bağlı məhkəmədə iddia qaldırılmışdır. Həmin iddia 2(006)-2731/2025 nömrə ilə məhkəmənin icraatındadır. Hesab edir ki, inzibati orqan heç bir əsaslı sübut və araşdırma aparmadan qanunsuz olaraq onun barəsində protokol və qərar qəbul etmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Çünki Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və 53.1.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X7 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 61.1.9-cu maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda surətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. Azərbaycan Respublikası İXM-nin 129.5-ci maddəsinə əsasən X7 İslər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Odur ki, qeyd edilənləri nəzərə alaraq Nəsimi Rayon icra hakimiyyəti başçısının müavini Ramiz Quliyev tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən Nəsimi Rayon icra hakimiyyətinin nümayəndəsi X1 RPİ-nin 21-ci Polis bölməsi tərəfindən tərtib olunmuş protokol əsasında qərar qəbul edildiyini, ümumiyyətlə, şikayətçinin qeyd etdiyi əmlakın sökülməsindən Nəsimi rayon İcra Hakimiyyətinin xəbərsiz olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. İş materilllarında olan Nəsimi Rayon icra hakimiyyəti başçısının müavini Ramiz Quliyev tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 (səkkiz yüz) manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, ərizə qismən təmin olunmalı Nəsimi Rayon icra hakimiyyəti başçısının müavini Ramiz Quliyev tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Belə ki, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olubolmaması şəxsin iştirakı ilə araşdırılmadan X2 təqsirinin olması əsas götürülərək müvafiq qərar qəbul olunmuşdur. Həmçinin inzibati araşdırılma aparılmadan X3 barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, inzibati qərarın qəbul edilməsinə əsas olan Nəsimi RPİ 21-ci Polis Bölməsi tərəfindən protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuş, X3 inzibati araşdırmaya dəvət edilməmiş, izahatı alınmamış, həmçinin qərarın surəti ona təqdim edilməmiş və ya imza etməkdən imtina edilməsi barədə qərarda müvafiq qeyd aparılmamış, torpağın qanuni sahibinin kim olması barədə müvafiq sənədlər əldə edilməmişdir. Lakin 19 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı qəbul etmiş orqan bu xüsusatlara diqqət yetirməmiş və inzibati qanunvericiliyin tələbləri pozularaq tərtib edilmiş protokol əsasında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 19 mart 2025-ci il tarixli MN ******* saylı qərarın qəbul edilməsi zamanı prossesual pozuntulara yol verildiyindən qərar ləğv edilməli və yenidən baxılması üçün Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayəti qismən təmin edilsin. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Quliyev tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Nəsimi Rayon icra hakimiyyətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar