Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2573/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, gəmi kapitanı vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4373/2022 saylı icra sənədinə əsasən hər ay 600 (altı yüz) manat aliment Şəxs tutularaq tələbkar S.R.İslamovanın xeyrinə ödənilməlidir. Lakin tələb tam şəkildə təmin edilməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru N.H.İbişova inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4373/2022 saylı icra sənədinə əsasən borclu xx.xx.2022-ci il tarixdən başlayaraq Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e16(005)-2/2022 saylı qərardadı nəzərə alınmaqla xx.xx.2011-ci təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay uşaq üçün 200 manat, cəmi 600 (altı yüz) manat məbləğində aliment S.R.İslamovanın xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, borclunun qeydiyyat ünvanına gedilmiş, sonuncunun axtarışı haqqında 11.01 və xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmiş, sonuncu icra şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Hazırda borclunun ödənilməmiş 3.580 (üç min beş səksən) manat aliment borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru N.H.İbişova məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs aliment ödənişlərindən yayınmamış, hər ay aliment ödənişlərini vaxtlı-vaxtında ödəyir. Borclu indiyənədək 4.944 (dörd min doqquz yüz qırx dörd) manat ödəniş etmişdir, Şəxs tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə, 600 (altı yüz) manat məbləğində edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədindən məlumatlıdır. Həmin icra sənədinə əsasən o, 9.000 manat ödəniş etməlidir, hazırda həmin borcdan 3.580 manat qalmışdır. Heç vaxt aliment borcunu ödəməkdən yayınmamış, aybaay 600 (altı yüz) manat və ya ondan daha çox məbləğlərdə ödənişlər etmişdir. Lakin bir müddət işləmədiyinə görə ödəniş etməmişdir. Bugündə 600 (altı yüz) manat məbləğində pul ödəyəcəkdir. Bundan başqa, o, gəmi kapitanı işləyir, Meksikada təhsil alır, ölkəyə yeni qayıtmışdır. Göstərilənləri, hər ay vaxtlı-vaxtında və bugündə ödəniş etməsini, aliment borcundan heç vaxt yayınmamasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar S.R.İslamova öz izahatında göstərmişdir ki, himayəsində üç uşağı var, uşaqlardan biri ali təhsil müəssisəsinə gedəcək, buna görə də ona pul lazımdır. Yaranmış aliment borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4373/2022 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci təvəllüdlü N.Şəxs, xx.xx.2008-ci il təvəllüdlü D.Şəxs, xx.xx.2006-cı il təvəllüdlü A.Şəxs yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay uşaq üçün 200 manat, cəmi 600 (altı yüz) manat məbləğində aliment S.R.İslamovanın xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4373/2022 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs tərəfindən tələbkar S.R.İslamovaya 4.414 (dörd min dörd yüz on dörd) manat məbləğində ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkar S.R.İslamovaya 600 (altı yüz) manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4373/2022 saylı icra sənədinə əsasən borclu xx.xx.2022-ci il tarixdən başlayaraq Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e16(005)-2/2022 saylı qərardadı nəzərə alınmaqla xx.xx.2011-ci təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü D.Şəxs, xx.xx.2006-cı il təvəllüdlü A.Şəxs yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay uşaq üçün 200 manat, cəmi 600 (altı yüz) manat məbləğində aliment S.R.İslamovanın xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, borclunun qeydiyyat ünvanına gedilmiş, sonuncunun axtarışı haqqında 11.01 və xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmiş, sonuncu icra şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Hazırda borclunun ödənilməmiş 3.580 (üç min beş səksən) manat aliment borcu qalmışdır. Buna görə də xx.xx.2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə iclasında Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru N.H.İbişovanın izahatından və təqdim olunmuş qəbzin surətindən müəyyən olunmuşdur ki, Şəxs yaranmış aliment 3.580 manat aliment borcundan 600 manatını ödəmişdir. Bu fakt məhkəmə iclasında iştirak edən bütün proses iştirakçıları tərəfindən də təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə aliment borcu Şəxs tərəfindən hər ay vaxtlı-vaxtında ödənildiyindən və aliment ödənişindən yayınmadığından həmin icra sənədinin sonuncu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2573/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2573/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver