Məhkəmə qərarları › İş №3(006)-2580/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2580/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2580/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X9 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən onun barəsində İXM-nin 192.4-cü maddəsi ilə qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən X2 əmək müqaviləsinə xitam verilən zaman son haq-hesabların ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulması səbəbindən barəsində MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 (bir min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X7 MN ******* nömrəli, xx.xx.2023-cü li tarixli “İnzibati tənbeh vermə haqqında Qərar”ını qanusuz hesab etdiyi üçün məhkəməyə şikayət verir. Şikayətdə sadaladığı əsaslar üzrə MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında qərar» qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, X5 «Optimal Elektronika” MMC tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” alt sitseminə baxış keçirilməsi və vətəndaşlar tərəfindən təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışlarının təhlili nəticəsində "xxxx" MMCnin rəhbərliyi ilə X5 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verildiyi, son haqq-hesabının xx.xx.2023-cü il tarixdə ödənildiyi müyyən edilmişdir. Qeyd olunan şikayətlə bağlı bildirir ki, X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Göründüyü kimi, X5 ilə bağlanılmış əmək müqavilələrinə əmək qanunuvericiliyinin tələblərinə əməl edilməklə xitam verilmişdir. “Anbardar” vəzifəsindən azad edilmiş "xxxx" MMC-nin (bundan sonra - işəgötürən) sabiq işçisi X5 xx.xx.2023-cü il tarixində Müfəttişliyə şikayət edərək xx.xx.2021-ci il tarixində “Optimal Elektronika MMC-də “Anbardar” vəzifəsində işə başladığını, xx.xx.2023-cü il tarixində “tərəflərdən birinin təşəbbüsü” əsası ilə əmək müqaviləsinə xitam verildiyini bildrimişdir. İddia etmişdir ki, ona yanvar ayı üzrə əmək haqqı və məzuniyyət ödənişinİ ödənilməmiş, xx.xx.2021-xx.xx.2022-ci iş ili üzrə dekabr ayında məcburi şəkildə tarix göstərilmədən məzuniyyət ərizəsi yazılaraq 13 gün əmək məzuniyyəti hüququndan istifadə etdiyini, lakin hər hansı bir ödəniş ödənilmədiyini bildirmişdir. X8 təqdim edilən sənədlərdən göründüyü kimi, X6 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmiş və son haqq-hesabı isə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Göründüyü kimi, X12 Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən inzibati xəta haqqında inzibati tənbeh tətbiq edilməzdən öncə inzibati xətaya səbəb olan hallar aradan qaldırılmış, işçilərə ödənilən son haqq-hesab hesablanaraq tam ödənilmişdir. Müfəttişlik iddiada olmayan və ya şikayət verilməyən bir tələblərə baxmış və səlahiyyətlərindən süi-istifadə edərək bu məsələ ilə qismən bağlılığı olan istiqamətdə MMC-də əmək qanunvericiliyinin pozulması halının aşkar edilməsinə çalışmışdır. Belə ki, Müfəttişlik məsələni araşdırarkən, guya, müəyyən etmişdir ki, işəgötürən Qululu Rövşən Hicran oğlunun, X4 və X3 əmək müqaviləsinə xitam verərkən onun son haqq-hesabını üzürsüz səbəbdən geçikdirərək vaxtında ödəməmiş, yəni əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsinə baxmayaraq işçiyə son haqq-hesab üzrsüz səbəbdən xx.xx.2023-cü il tarixində verilmişdir. Əlavə olaraq qeyd edir ki, son haqq-hesabın ödənilməsinin gecikdirilməsi MMC-nin hesablarında həbs qoyulması olmuşdur və ona görə də, bank hesablarında əməliyyatlar aparılması mümkünsüz olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin qeydinə əsasən həmin maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati işə baxılarkən İXM-İə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qəraq qəbul edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında Qərarı 08 may 2023-cü il tarixdə təqdim edilmişdir. Qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 may 2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X12 Xidmətinin Bakı şəhər İdarəsinə və şikayətçiyə lazımi qaydada məlumat verilsə də, həmin qurumun nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən vətəndaş X2 əmək müqaviləsinə 30 yanvar 2023-cü il tarixdə xitam verilmiş, son haqq-hesabı isə gecikdirilərək 06 fevral 2023-cü il tarixdə ödənilmişdir, ona görə də "xxxx" MMC-nin rəhbəri X15 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Həmin qərar MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 26 aprel 2023cü il tarixli məktub "xxxx" MMC-nin ünvan 1 ünvanına göndərilmiş, həmin məktubda göstərilmişdir ki, MN ******* saylı, 26 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin məktubun qeyd edilən ünvana göndərilməsinə dair SS847534778AZ saylı ştrix kod üzrə sifarişli poçt göndərişindən görünür ki, həmin ştrix kodlu poçt göndərişinin çatdırılıb - çatdırılmaması dəqiqləşdirilərkən, müəyyən edilir ki, həmin poçt göndərişi "xxxx" MMC-yə (rəhbərinə) çatdırılarkən xx.xx.2023-cü il tarixdə hələ poçt xidmətində olduğu və yalnız həmin tarixdən sonra "xxxx" MMC-yə (rəhbərinə) çatdırıla bilər. Belə olduğu halda xx.xx.2023-cü il tarixə işə baxılmasına dəvət edilən şəxsə məktub həmin tarixdən sonra, yəni ən tez halda 08 may 2023-cü il tarixdə çatdırıldığından, bununla da artıq işə baxılması tarixindən 6 gün keçdikdən sonra məlumatlanırılıb, şəxs işə baxılmasında vaxtında məlumatlandırılmamış hesab edilir. Həmçinin işin hallarından görünür ki, şəxs təqsirli bilinir ona görə ki, işçi ilə 30 yanvar 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilsə də, son haqq hesabı işçiyə 06 fevral 2023-cü il tarixdə ödəmişdir. Yəni son haqq hesabın verilməsinin 7 gün gecikdirilməsində təqsirli bilinib 1000 manat cərimələnib. Belə olduğu təqdirdə şəxs qanunda nəzərdə tutulmuş müddətlərə əməl edilməməsində təqsirləndirilirsə, onda həmin şəxsə münasibətdə aparılmış inzibati iş üzrə icraat zamanı da qanunda nəzərdə tutulmuş müddətlərə o dərəcədə dəqiq əməl edilməlidir. Halbuki iş üzrə görünür ki, şəxsin inzibati xəta haqqında işə baxılmasında vaxtında məlumatlandırılmasına dair İXM-nin ona verdiyi hüquqları pozulmuş, işə xx.xx.2023-cü il tarixdə baxıldığı halda həmin tarixədək şəxs bu barədə məlumatlandırılmalı olduğu halda, 6 gün keçdikdən sonra şəxsə bu barədə məlumat verilmişdir. Şəxsdən müddətlərə əməl edilməsi tələb edilir, müddətlərə əməl etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilir, lakin həmin şəxsə qarşı aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM-nin müəyyən etdiyi vaxtında məlumatlandırma barədə tələblər pozularaq, müddətlərə əməl edilmir. Bununla da müəyyən edilir ki, vəzifəli şəxs barəsindəki inzibati xəta haqqında işə baxılarkən, işin baxılmasında şəxs vaxtında məlumatlandırılmamış, işə baxılmasında iştirakı barədə həmin bildiriş, tənbeh qərarı çıxarıldıqdan sonra ünvana çatdırılmışdır. Beləliklə də barəsidə inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilməmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə vaxtında məlumat verilməmiş, işdə iştirakı təmin edilməmişdir. Həmçinin onun özü və ya müdafiəçisi dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-nin 100.2, 100.3, 100.4-cü maddələrindəki hüquqları fiziki şəxsə və vəzifəli şəxsə münasibətdə, yalnız həmin fiziki və vəzifəli şəxsin özü həyata keçirə bilər. Hüquqi şəxsə münasibətdə isə, həmin hüquqi şəxsin nümayəndəsi həyata keçirə bilər. Yuxarıdakılara əsasən barəsidə inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilmədən, İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Lakin hazırkı iş üzrə həm də müəyyən edilir ki, şəxsin təqsiri müəyyən edilmir. Belə ki, X1 haqq hesabı 06 fevral 2023-cü il tarixdə ödənilmişdir. Bu hal onu təsdiq ki, işçi X8 şikayət etməzdən çox-çox əvvəl artıq onun son haqq hesabı ödənilmişdir. Buna görə də son haqq hesabın ödənilməsindəki 7 günlük müddətin pozulması formal cəhətdən inzibati xəta tərkibinin əlamətini yaratsa da, işin yuxarıda qeyd edilən şəraiti onu deməyə əsas verir ki, bu cür vəziyyətdə müəssisənin rəhbərinin əməlində qəsd və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Müəssisənin rəhbərinin əməli inzibati xəta törətməyə yönəlməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlir ki, son haqq-hesab nəğd qaydada deyil, nəğdsiz qaydada verilməlidir. Bunun üçün müəyyən sənədlər hazırlanmalı, sənədlər təkcə müəssisənin rəhbəri tərəfindən deyil, müəssisədəki aidiyyəti qurumlar və işçilər tərəfindən hazırlanmalı, son-haqq hesabın ödənilməsi üçün banka müraciət edilməli, bank tərəfindən ödəniş nəğdsiz qaydada işçinin bank hesabına köçürülməlidir. Göründüyü kimi bu prosedurların həyata keçirilməsi üçün müəyyən vaxt tələb edilir və tələb edilən vaxtın bir neçə gün, hazırkı halda 7 gün gecikməsi halı baş verə bilər. Burada nəzərə alınmalıdır ki, əsas məqsəd son haqq hesabın verilməsidir. İş üzrə də görünür ki, son haqq hesab artıq işçi tərəfindən hətta dövlət orqanına şikayət edilməzdən uzun müddət əvvəl ödənilmişdir. Belə bir vəziyyətdə şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərdən əlavə həm də nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə qərarı qəbul edilərkən İXM-nin yuxarıda göstərilən tələbləri pozulduğundan, həmin qərar ləğv edilməli olduğundan, həmin işin yenidən səlahiyyətli orqanda araşdırılmasının nəticəsində şəxs barəsində artıq inzibati tənbeh vermə qərarı qəbul edilə bilməyəcək, şəxs barəsində iş üzrə icraata xitam verilməli olacaqdır. Çünki son haqq hesab 06 fevral 2023-cü il tarixdə ödənilmişdir, əgər inzibati xəta törədilmişdirsə də, həmin tarixdə törədilmişdir. Həmin tarixdən artıq inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 4 ay keçdiyi üçün, inzibati xəta haqqında işə səlahiyyətli orqanda yenidən baxıldığı təqdirdə, şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz və İXM-nin 38.1, 53.1.6, 114.1.4, 114.2.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş üzrə prosessual qənaət prinsipini rəhbər tutaraq hesab edir ki, artıq iş üzrə icraata xitam verilmə qərarı çıxarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X15 barəsində İXM-nin 192.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar