Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2580/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 583289,29 ABŞ dolları məbləğində vəsaiti 07 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 236120,31 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 08 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC qeyri-qida seqmenti üzrə də uyğun qiymətlərlə yüksək keyfiyyətli məhsulların Azərbaycan istehlakçısına çatdırılması məqsədilə Polşanın məşhur “Pepco” brendinin françayzinqinin təsis edilməsi istiqamətində addımlar atmışdır. “Pepco” ilə aparılan danışıqların nəticəsi olaraq 04 fevral 2022-ci il tarixində “Pepco” və Şəxs MMC arasında françayzinq müqaviləsi bağlanmışdır. Françayzinq müqaviləsi ilə hər iki tərəf gəlir əldə etməyi hədəfləmiş, Cəmiyyət tərəfindən həm malların alışı, həm də mağazaların açılması üçün böyük investisiya edilmişdir. Müqavilə əsasında Şəxs MMC “Pepco Poland”a 2022-ci ildə ******* manat, 2023-cü ildə ******* manat, 2024-cü ildə 968747 manat ödəniş etmiş və bu məbləğlərin müqabilində “Pepco” məhsullarını idxal etmişdir. Cəmiyyətin ümumilikdə açmağı planlaşdırdığı mağaza sayı 100 olmuş, bunlardan 40-ı qeyd edilən dövrdə açılmış və digər 60 mağazanın açılışı üçün hazırlıqlar getmişdir. Bundan əlavə olaraq, Azərbaycanda açılacaq “Pepco” mağazaları üçün olan avadanlıqların (rəflər, vitrinlər və s.) alınması məqsədilə Şəxs MMC ilə "xxxx" şirkəti arasında xx.xx.2022-ci il tarixində müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə əsasında Şəxs MMC "xxxx" şirkətinə bu günə qədər ümumilikdə ******* manat avans ödəniş etmişdir. Həmin avans ödənişlərinin müqabilində bu günə qədər ******* manat dəyərində mal ölkəyə idxal edilmişdir. Lakin gözlənilmədən 16 oktyabr 2023-cü il tarixində “Pepco” Cəmiyyətə müqavilənin ləğvi ilə bağlı xəbərdarlıq göndərmiş, daha sonrasında müqaviləyə xitam verilmişdir. Müqavilənin ləğv edilməsi Cəmiyyətə çox böyük maddi ziyan vurmuşdur. Bütün bunlarla yanaşı, həmçinin "xxxx" şirkəti ilə müqavilə çərçivəsində MMC tərəfindən avans olaraq ödənilmiş ******* ABŞ dolları məbləğinin geri qaytarılması məsələsində də çətinlik yaranmışdır. MMC bu vəziyyəti aradan qaldırmaq, ziyanın qarşısını almaq, eləcə də, ödənilmiş avans ödənişinin geri qaytarılmasını təmin etmək məqsədilə 2024-cü ilin avqust ayında “Pepco Poland” və "xxxx" ilə üçtərəfli müqavilə bağlamışdır. Bu müqaviləyə əsasən, onların etdiyi ödənişə uyğun “Pepco” şirkəti "xxxx" şirkətindən malları birbaşa almalı və həmin ödənişləri qəbul etdikcə "xxxx" şirkəti Araz Supermarketə ödənilmiş avansı hissə-hissə geri qaytarmalıdır. Lakin gözlənilənin əksinə, "xxxx" şirkəti malları vaxtında təhvil verə bilməmiş və bu səbəbdən avansın geri qaytarılmasına dair öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə, ölkədən çıxan valyuta vəsaitinin geri qaytarılması gecikmişdir. Bu vəziyyətə görə, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində malların idxal edilməməsi və ya ödənişlərin geri qaytarıimamasına görə barəsində cərimə tətbiq edilməsi təhlükəsi ilə qarşı-qarşıyadır. Bildirir ki, Şəxs MMC avans ödənişlərinin geri qaytarılması üçün özü tərəfdən bütün müvafiq addımları atmaqda davam edir. Belə ki, Cəmiyyət həm “Pepco”, həm də "xxxx" şirkəti ilə danışıqları davam etdirmiş, gecikmənin səbəbini aydınlaşdırmış və ödənilmiş valyuta vəsaitinin geri qaytarılması səbəbilə üçtərəfli müqaviləyə əlavə tərtib etmişdir. Bu əlavəyə əsasən, "xxxx" şirkəti avans ödənişlərinin geri qaytarılmasını qrafiklə təmin edəcəkdir. Şəxs MMC tərəfindən "xxxx" şirkətinə ödənilən avans məbləği yalnız malların alınması məqsədilə ödənilmişdir və heç bir başqa məqsəd güdülməmişdir. Bu daha əvvəl “Pepco” və "xxxx" şirkəti ilə bağladıqları müqavilə çərçivəsində etdikləri ödənişlərin müqabilində alınan malların idxal edilməsi ilə də öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 07 mart 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 583289,29 ABŞ dolları məbləğində vəsaitin ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. İş materiallarında olan “Pepco” və"xxxx" şirkəti, həmçinin "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" şirkəti avans ödənişlərinin geri qaytarılmasını qrafiklə təmin etmə öhdəliyini qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X4 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, MMC-nin nümayəndəsinin təqdim etdiyi sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir: “İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar”. Hazırki halda MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi baş vermədən öncə Şəxs tərəfindən müqavilə üzrə bütün tələblər yerinə yetirilsə də, sonradan pulun köçürüldüyü şirkət tərəfindən müqavilədən imtina edildiyi üçün MMC üç tərəfli müqavilə bağlayaraq dəymiş ziyanı minimum səviyyəyə endirməyə çalışmışdır. Göstərilən bu hal Şəxs müqavilə bağladığı və pul vəsaitini göndərdiyi şirkət tərəfindən öz öhdəliklərinin üzürlü və fors-major hesab olunan səbəbdən yerinə yetirilməməsinə dəlalət etməklə, bu səbəbdən 02 il ərzində 236120,31 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsinin göstəricisidir. Məhkəmə hesab edir ki, müqavilə tərəflərindən birinin öz öhdəliklərini üzürlü hesab oluna bilən səbəblərdən icra etməməsi nəticəsində müqavilənin digər tərəfi təqsirli hesab edilə və digər müqavilə tərəfinin məsuliyyəti öhdəliyi müqavilə şərtlərinə uyğun icra etmiş (hazırki halda müqavilə üzrə müəyyən olunmuş pul vəsaitini ödəmiş) tərəfin üzərinə qoyula bilməz. Məlumdur ki, təqsir inzibati xəta tərkibinin əlamətlərindən biri olan subyektiv cəhətin elementidir və inzibati xətanın törədilməsində təqsiri olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması mümkün deyil. Məhkəmə Şəxs tərəfindən xaricə köçürülmüş pul vəsaiti müqabilində göndərilməli olan malların 02 il ərzində ölkə ərazisinə idxal edilməməsində Şəxs MMC-nin təqsirinin olmadığını, əksinə MMC-nin özünün maddi zərərə məruz qalaraq hazırki vaxtadək ünvanlarına nə malların tam olaraq göndərilmədiyini, nə də ödədikləri pul vəsaitinin geri qaytarılmadığını, bununla əlaqədar Şəxs MMC tərəfindən hələ inzibati xəta hadisəsi baş vermədən malların göndərilməsi və ya xaricə köçürdükləri pul vəsaitinin geri qaytarılmasına dair məktublarla müqavilə bağladıqları xarici şirkətə müraciət etdiyini, belə olan halda xaricə köçürülmüş məbləğ müqabilində idxal olunmalı olan malların ölkəyə idxal olunmamasının hüquqi şəxsdən asılı olmayan səbəblərdən baş verdiyini və bu pozuntunun aradan qaldırılması üçün MMC tərəfindən zəruri tərbirlərin görüldüyünü nəzərə alaraq Şəxs əməlində AR İXM-nin 430.4-cü maddəsinin tərkibinin olmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 236120,31 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 07 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçmədən malların (xidmətlərin) ölkə ərazisinə idxal olunmamasında təqsirinin olmamasını və bununla da MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğunun istisna olunduğunu nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2580/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2580/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver