Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2582/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3, X1 və nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 29 iyul 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-4694/2020 saylı icra sənədi üzrə tələbi icra etməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru C.Y.Əliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-4694/2020 saylı icra sənədi üzrə cavabdeh Şəxs günün məzənnəsinə uyğun olaraq 91.200 (doxsan bir min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı E.B.Məhərrəmova verilməlidir. İcra sənədi üzrə icraata 26 dekabr 2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin qərar və bildiriş 17 fevral 2021-ci il tarixdə borcluya təqdim edilmişdir. Daha sonra borclu icra şöbəsinə ərizə ünvanlayaraq məhkəmə qətnaməsindən məlumatlı olmadığını, icra sənədinin onun hüquqlarını pozmaqla icraya yönəldiyini bildirmişdir. Bundan sonra borclu həmin qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-4694/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra icra şöbəsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə borclu Şəxs 10.854 (on min səkkiz yüz əlli dörd) manat 90 (doxsan) qəpik məbləğində icra ödənişinin alınması və icra ödənişi məbləğinin icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə gəlməkdən də yayınmışdır. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olubolmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru bildirmişdir ki, borclu qətnamənin icrasından qərəzli olaraq yayınır. Tələbkara bugünədək ödəniş olunmayıbdır. Borclu ilə dəfələrlə əlaqə saxlanılsa da icra şöbəsinə gəlməmiş, ancaq icra şöbəsinə nümayəndəsini göndərmişdir. Həmçinin o, bildirmişdir ki, cavabdeh apelyasiya şikayəti versə də Bakı Apelyasiya Məhkəməsində iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcunu ödəməkdən qərəzli olaraq yayınmır, sadəcə işləmədiyinə görə borcunu ödəyə bilmir. Hazırda işləmir və müxtəlif iş yerlərinə müraciət edib. Bundan başqa, o, apelyasiya qərarından şikayət vermə müddətini hələ də buraxmamışdır. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Ə.M.Dəmirov bildirmişdir ki, apelyasiya məhkəməsinin qərarı alınmamışdır, qərarı alan kimi kassasiya şikayəti veriləcəkdir. Qanunvericilikdə göstərilmişdir ki, qərarın alındığı gündən ondan kassasiya şikayəti verilə bilər, ona görə də borclu qərardan şikayət vermə müddətini buraxmamışdır. Bundan başqa, Avropa konvensiyasının 4-cü bəndinə əsasən borcla bağlı həbs nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili N.N.Quliyeva öz izahatında bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən Qətnamə 06 oktyabr 2020ci il tarixdə çıxarılmışdır. Cavabdeh qətnaməni bilə-bilə qəbul etmir. Daha sonra apelyasiya şikayəti vermək üçün zərurət yarandığından qətnamənin surətini almışdır. Belə ki, həmin qətnamə elan olunarkən cavabdeh məhkəmə iclasında iştirak etmişdir və onun qətnamədən məlumatı olmuşdur. Borclu hal-hazırda avtomobil ticarəti ilə məşğul olur və onun maddi vəziyyəti olduqca yaxşıdır. Sadəcə qərəzli olaraq icra sənədini icra etmir. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, E.B.Məhərrəmov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-4694/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs günün məzənnəsinə uyğun olaraq 91.200 (doxsan bir min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı E.B.Məhərrəmova verilməlidir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin 28 dekabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-4694/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ünvanladığı 28 dekabr 2020-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmış və borclu həmin bildirişi 17 fevral 2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-4694/2020 saylı qətnaməsindən görünür ki, tərəflərin hər ikisi məhkəmə iclasında iştirak etmişlər. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli, 2(103)-3918/2021 saylı qərarından görünür ki, apelyasiya şikayəti vermiş cavabdeh Şəxs məhkəmə iclasında iştirak etməmiş, onun tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-4694/2020 saylı icra sənədi üzrə cavabdeh Şəxs günün məzənnəsinə uyğun olaraq 91.200 (doxsan bir min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı E.B.Məhərrəmova verilməlidir. İcra sənədi üzrə icraata 26 dekabr 2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin qərar və bildiriş 17 fevral 2021-ci il tarixdə borcluya təqdim edilmişdir. Daha sonra borclu icra şöbəsinə ərizə ünvanlayaraq məhkəmə qətnaməsindən məlumatlı olmadığını, icra sənədinin onun hüquqlarını pozmaqla icraya yönəldiyini bildirmişdir. Bundan sonra borclu həmin qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-4694/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra icra şöbəsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə borclu Şəxs 10.854 (on min səkkiz yüz əlli dörd) manat 90 (doxsan) qəpik məbləğində icra ödənişinin alınması və icra ödənişi məbləğinin icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə gəlməkdən də yayınmışdır. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-4694/2020 saylı qətnaməsindən məlumatlı olmuş, həmin qətnamə çıxarılarkən məhkəmə iclasında iştirak edərək izahat vermişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-4694/2020 saylı qətnaməsini almaqdan qəsdən yayınmış, həmin qətnaməni 03 ay sonra, yəni 25 yanvar 2021-ci il tarixdə əldə etmiş və ondan 28 yanvar 2021-ci il tarixdə apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsində apelyasiya şikayətinə 30 aprel 2021-ci il tarixdə baxılarkən iddiaçı tərəf iştirak etdiyi halda cavabdeh bilə-bilə məhkəmə iclasında iştirak etməkdən yayınmış və həmin qərar 04 aydan çox müddətdə çıxarılmasına baxmayaraq cavabdeh verdiyi apelyasiya şikayətinin nəticəsi ilə maraqlanmamışdır. Bundan başqa, borclu hazırki iş üzrə onun barəsində 15 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edildiyini öyrəndikdən sonra Apelyasiya Məhkəməsinin qərarından şikayət verəcəyini bildirmişdir. Bununla da məhkəmə hesab edir ki, borclu icra sənədini icra etməkdən qəsdən yayınır və o, icra sənədini icra etməməsi üçün müxtəlif bəhanələr gətirməklə müddət qazanmaq məqsədini daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, borclunun hazırda məhkəmə iclasında verdiyi izahatı sadəcə icra sənədini icra etməmək üçün irəli sürdüyü əsassız bəhanələrdən ibarətdir. Göstərilənlər məhkəmə tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 15 sentyabr 2021-ci il tarixdən saat 11:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 sentyabr 2021-ci il tarixdən saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra Şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2582/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2582/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver