Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2582/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 15 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 91464.00 ABŞ dolları məbləğində vəsaiti 03 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 91464.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 04 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 məhkəməyə etiraz ünvanlayaraq Şəxs MMC barəsində tərtib edilmiş 15 aprel 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankın hüquq və təşkilatı işlər departamentinin İnzibati icraat və məhkəmə işlər şöbəsinin hüquq məsləhətçisi X3 tərəfindən tərtib edilmiş 15 aprel 2025-ci il tarixli EP № ******* saylı İnzibati Xəta haqqında Protokola müvafiq olaraq: Şəxs MMC tərəfindən 91464.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 03 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 91464.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 04 mart 2025-ci il tarixində hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaynca Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.” (Qeyd: istinad edilən mətn Protokolda olduğu kimi göstərilmişdir.) Şəxs MMC 15 aprel 2025-ci il tarixli EP № ******* saylı İnzibati Xəta haqqında Protokolda göstərilənlərlə razı deyil, tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini və Protokolun qanunsuz və əssasız olduğunu bildirir və inzibati xəta haqqında işə xitam verilməsini Məhkəmədən xahiş edir. 15 aprel 2025-ci il tarixli EP № ******* saylı Protokolda istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə müvafiq olaraq “Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.” 15 aprel 2025-ci il tarixli EP № ******* saylı Protokolda istinad olunan Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş (Qeydiyyat nömrəsi 45/1) “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3.-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Vurğulanmalıdır ki, Şəxs MMC tərəfindən 03 mart 2023-cü il tarixində bank vasitəsilə ölkə xaricinə köçürülmüş 91464.00 ABŞ dolları məbləğində vəsait müqabilində ölkəyə (Azərbaycana) hər hansı malın və ya xidmətin idxalı nəzərdə tutulmamışdır. Belə ki, 27-02/23 saylı xx.xx.2023-cü il tarixli Alqı- Satqı Müqaviləsi üzrə Alıcı (sifarişçi) “X2” MMC-nin tapşırığı ilə Ödəyici - “X9” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Satıcı - “X9 Georgia” LLC-yə edilmiş 91464.00 ABŞ dolları məbləğində ödəniş müqabilində Gürcüstan ərazisində satın-alınmış X10 300 markalı, JTMAAABJ604015723 şassi nömrəli avtonəqliyyat vasitəsinin Azərbaycana idxalı nəzərdə tutulmamışdır və alış tarixindən həmin nəqliyyat vasitəsi “X2” MMC-nin Gürcüstan filialının Gürcüstan ərazisində istifadəsindədir və Gürcüstanda qeydiyyatdadır. Bu fakt: (1) X2 MMC-nin 14-2-26/2-44/2025 saylı 28 aprel 2025-ci il tarixli məktubu, 05 mart 2023-cü il tarixli Əmri, 05 mart 2023-cü il tarixli Təyinat Məktubu ilə (2) adı çəkilən nəqliyyat vasitəsinin Gürcüstanda SM001OG saylı, xx.xx.2023-cü il tarixli daimi qeydiyyat şəhadətnaməsi ilə, (3) “X9 Georgia” LLC və Satıcı- “X7” LLC arasında TGM N 10xx.xx.2023 saylı 27 fevral 2023-cü il tarixli Alqı- Satqı Müqaviləsi və bu müqavilə əsasında Paşa Bank ASC vasitəsilə xx.xx.2023-cü il tarixində 91464.00 ABŞ dolları məbləğində ödənişi ilə ; (4) “X9 Georgia” LLC tərəfindən satın-alınmış avtonəqliyyat vasitəsinin “X2” MMC-nin Gürcüstan filialına NWL-FM-28 tarixli təhvil sənədi ilə və sairə sənədlərlə sübut olunur. 15 aprel 2025-ci il tarixli EP № ******* saylı Protokolun əsasını təşkil edən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi onların mətnlərində aydın şəkildə qeyd olunduğu kimi ölkəyə idxal olunan mallara və ya xidmətlərə aiddir. Əlavə olaraq “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsi həmin Qaydaların “Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar:” başlığı altında olan 4.3.1-ci maddəsinin altmaddəsidir. Qaydaların 4.3.1-ci maddəsinin alt-maddələri (Protokolun tərtib olunmasına əsas kimi götürülmüş 4.3.1.3-cü alt-maddəsi də daxil) ölkəyə idxal olunan mal və xidmətlərə aiddir. Eyni zamanda Qaydaların 4.3.1-ci maddəsindən sonra gələn digər maddələr (4.3.2 4.3.3, 4.3.4 və sairə) ölkəyə idxal olunması nəzərdə tutulmayan mal və xidmətlərə aiddir ki, məhz həmin maddələrin birisi əsasında da səlahiyyətli orqan tərəfindən “X9” MMC tərəfindən həyata keçirilmiş xx.xx.2023-cü il tarixli 91464.00 ABŞ dolları məbləğində ödəniş qiymətləndirilməli idi (amma heç bir cür idxal əməliyyatına aid olan 4.3.1.3-cü maddəsi ilə yox). Yuxarıdakılara əsasən Şəxs MMC tərəfindən hər hansı inzibati xəta törədilmədiyi üçün 15 aprel 2025-ci il tarixli EP № ******* saylı İnzibati Xəta haqqında Protokolu qanunsuz və əsassız hesab edərək işə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil təqdim edilmiş etiraz ərizəsinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş EP seriyalı ******* nömrəli, 15 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs ASC 91464.00 ABŞ dolları məbləğində vəsaitin ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «X8” MMC-nin qanuni təmsilçisi X1 tərəfindən verilmiş etirazda qeyd etdiklərinə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər tədqiq edilmiş və işin halları ilə uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC 03 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 91464.00 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 91464.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 91464.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 18.292,8 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2582/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2582/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver