Məhkəmə qərarları › İş №3(006)-2584/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2584/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2584/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən 15 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli, 2(006)-2692/2021 saylı icra sənədinə əsasən borclu S.M.P.Qəhrəmanovdan 90.000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar A.M.Mustafayevə ödənilməlidir. Lakin görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu S.M.P.Qəhrəmanov icra sənədində göstərilən tələbi könüllü icra etməmişdir. Göstərilənlərə əsasən, S.M.P.Qəhrəmanov Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru P.M.Babayev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli, 2(006)-2692/2018 saylı icra sənədinə əsasən S.M.P.Qəhrəmanovdan 90.000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitinin alınmalı və A.M.Mustafayevə verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul S.M.P.Qəhrəmanovdan A.Mustafayevin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata 28 noyabr 2018-ci il tarixdə başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bundan başqa, borclunun hər hansı daşınar əmlakının olubolmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Həmçinin, Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərardadına əsasən S.M.P.Qəhrəmanovun mülkiyyətində qeydə alınan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin üzərinə həbs qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinin 16 dekabr 2019-cu il tarixli məktubuna əsasən S.M.P.Qəhrəmanovun mülkiyyətində olan mənzil "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Göstərilənləri nəzərə alaraq, S.M.P.Qəhrəmanov barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Bundan başqa, icra məmuru P.M.Babayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclunun imkanı olduqca yaxşı olmasına baxmayaraq bugünədək tələbkara hər hansı ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs S.M.P.Qəhrəmanov öz izahatında bildirmişdir ki, icra sənədindən məlumatlıdır. Maddi imkanı olmadığından bugünədək heç bir ödəniş etməmişdir. Maddi imkanı düzələn kimi borcunu ödəyəcəkdir. Həmçinin o, 2-ci qrup əlildir. Bundan başqa, bildirmişdir ki, adına hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar A.M.Mustafayev izahatında göstərmişdir ki, o, borcunun ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq S.M.P.Qəhrəmanov barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, S.M.P.Qəhrəmanovun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli, 2(006)-2692/2021 saylı icra sənədindən görünür ki, S.M.P.Qəhrəmanovdan 90.000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitinin alınmalı və A.M.Mustafayevə verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul S.M.P.Qəhrəmanovdan A.Mustafayevin xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 28 noyabr 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli, 2(006)-2692/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin S.M.P.Qəhrəmanova ünvanladığı 028 noyabr 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmiş və həmin bildiriş borcluya 04 dekabr 2018-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarından görünür ki, şikayət təmin edimiş, Nəsimi Rayon Məhkəməsinin 14 mart 2018ci il tarixli, 2(006)-2692/2018 saylı qərardadı ləğv edilmiş, S.M.P.Qəhrəmanovun mülkiyyətində qeydə alınan ünvan 4 ünvanında yerləşən 8 saylı mənzilin üzərinə həbs qoyulmuş, həmin ünvanda yerləşən mənzilə dair hər hansı bir əqdin bağlanması cavabdeh və digər şəxslərə qadağan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinin 16 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 4, 8 saylı mənzil S.M.P.Qəhrəmanovun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlak "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, S.M.P.Qəhrəmanovun adına hazırda ünvan 4, 8 saylı mənzildən başqa heç bir qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan 28 dekabr 2018-ci il tarixdə və 25 fevral 2021-ci il tarixdə Nəsimi rayon icra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktlardan görünür ki, borclunun S.M.P.Qəhrəmanovun yaşadığı mənzilə baxış keçirilmiş, həmin mənzildə tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. İş materiallarında olan DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən verilmiş 29 yanvar 2020-ci il tarixli, 036147 saylı vəsiqənin surətindən görünür ki, S.M.P.Qəhrəmanova 29 yanvar 2020-ci il tarixdən 14 mart 2024-cü il tarixədək 2-ci qrup əlillik verilmişdir. İş materiallarında olan müvafiq qurumlara verilmiş sorğulara cavablardan görünür ki, borclu S.M.P.Qəhrəmanovun mülkiyyətində hər hansı daşınar əmlakı və banklarda hesabı yoxdur və sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınmamışdır. Beləliklə, müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli, 2(006)-2692/2018 saylı icra sənədinə əsasən S.M.P.Qəhrəmanovdan 90.000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitinin alınmalı və A.M.Mustafayevə verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul S.M.P.Qəhrəmanovdan A.Mustafayevin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata 28 noyabr 2018-ci il tarixdə başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bundan başqa, borclunun hər hansı daşınar əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Həmçinin, Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərardadına əsasən S.M.P.Qəhrəmanovun mülkiyyətində qeydə alınan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin üzərinə həbs qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinin 16 dekabr 2019-cu il tarixli məktubuna əsasən S.M.P.Qəhrəmanovun mülkiyyətində olan mənzil "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Borclu maddi vəziyyəti düzələn kimi borcunu ödəməsinə söz verməsinə baxmayaraq icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bununla da, borclu S.M.P.Qəhrəmanov icra sənədlərini könüllü icra etməmişdir. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu S.M.P.Qəhrəmanova uzun müddət öncədən tələbin icrası haqqında bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticədə icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə borclu S.M.P.Qəhrəmanovun barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə borclu S.M.P.Qəhrəmanovun törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar