Məhkəmə qərarları › İş №3(006)-2587/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2587/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2587/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 13; VÖEN: **********) barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-10773/2019 saylı icra vərəqəsinə əsasən ünvan 2 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsi cavabdeh "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməli, keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına "xxxx" ASC-dən 200 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etməmiş, icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2160/2020 saylı Qərarına əsasən, ünvan 3 ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən transformator məntəqəsinin çıxarılması müəyyən edilmişdir. Məhkəmə qərarının icra edilməsi məqsədi ilə, ünvan 3 ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən transformator məntəqəsinin başqa yerə keçirilməsi üçün torpaq sahəsinin "xxxx" ASC-yə ayrılmasına və inşaat pasportunun hazırlanmasına sərəncam verilməsi barədə aidiyyəti Dövlət qurumlarına tərəflərindən müraciət olunmuşdur. Qeyd olunan transformator məntəqəsinin köçürülməsi hazırda mümkün deyil. Belə ki, göstərilən transformator nəinki ərazidəki abonentləri və dövlət müəssisələrini elektrik enerjisi ilə təmin edir, o cümlədən Yasamal rayonunun bir qisim abonentlərini elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli elektrik xətti ilə birləşir. Bundan əlavə transformator məntəqəsinə gələn xəttin trassası təxminən 8 km olduğundan, habelə ərazidə çoxlu yeni hündürmərtəbəli evlər tikildiyindən göstərilən ərazidə maşın-mexanizmlərin işləməsini mümkünsüz edir. Bakı şəhərinin elektrik təchizatının yaxşılaşdırılması və istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə "xxxx" ASC tərəfindən bütün regionlar üzrə, o cümlədən Nərimanov rayonunda olan paylayıcı elektrik şəbəkələrində geniş miqyaslı yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. İstismar müddətini başa vurmuş köhnə şəbəkə infrastrukturu yenilənir, yeni güc mənbələri yaradılır, şəbəkələrdə müasir tipli elektrik avadanlıqları quraşdırılır və bu istiqamətdə işlər bugün də davam etdirilir. Aidiyyəti dövlət qurumu tərəfindən ünvan 3 ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən transformator məntəqəsinin başqa yerə keçirilməsi üçün torpaq sahəsinin "xxxx" ASC-yə ayrıldıqdan sonra, həmin ərazidə elektrik təsərrüfatı qurulduqdan sonra göstərilən transformator məntəqəsini yalınız şəbəkədən açmaq mümkün olacaqdır. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC-nin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru və tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə icra məmurunun və tələbkarın iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10773/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən ünvan 3 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsi cavabdeh "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(103)-10773/2019 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən transformator məntəqəsinin başqa yerə köçürülməsi üçün torpaq sahəsinin ayrılmasına və inşaat pasportunun hazırlanmasına sərəncam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-10773/2019 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Belə ki, "xxxx" ASCnin nümayəndəsi izahatında ünvan 2 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən transformator məntəqəsinin başqa yerə köçürülməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini bildirsə də, iş materiallarında olan "xxxx" ASC tərəfindən Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanan məktubdan görünür ki, həmin müraciət xx.xx.2021-ci il tarixində edilmişdir. Həmin vaxtdan sonra qeyd olunan məsələ ilə hər hansı bir dövlət orqanına müraciət olunmasını təsdiq edən sübut isə məhkəməyə təqdim edilməmişdir. Yalnız inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, yəni xx.xx.2025-ci il tarixində torpaq sahəsinin ayrılması ilə bağlı yenidən müraciət edilmişdir. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarında göstərildiyi qaydada üzərinə düşən öhdəliyi icra etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına hüquqi şəxsin səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" ASC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar