Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2599/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxs X5 nümayəndəsi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili X3, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə inspektoru X2 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Yehərçi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair 24 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 04 may 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Aysun İsmayılova boutique atelye beauty center” adlı obyektə gələrək Aysun Cəlilovanın və obyektdə olan işçilərin ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və Aysun Cəlilovanın qolundan tutub itələyərək xəsarət yetirməklə döymüşdür. Bununla da, o Azərbaycan Respublikasının İXMnin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X6 izahat verərək göstərdi ki, X1 rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət etmiş və keçmiş həyat yoldaşı Şəxs onun icarəyə götürərək işlətdiyi ünvan 2 ünvanında yerləşən “Aysun İsmayılova boutique atelye beauty center” adlı obyektə gələrək onun və obyektdə olan işçilərin ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra Aysun İsmayılovanın qolundan tutub itələyərək xəsarət yetirmiş, ardınca “Lenovo” markalı masaüstü kompüteri götürərək getdiyini bildirmişdir. Bundan sonra aparılmış araşdırma nəticəsində Şəxs Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən olunmuş və izahatı alınmış, daha sonra isə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 1 il əvvəl X10 ilə ailə həyatı qurmuşdur. Lakin 2023-cü ilin may ayının əvvəllərində Aysun Cəlilovadan boşanmışdır. 27 aprel 2023-cü il tarixdə Aysun Cəlilova ilə birgə icarə əsasında işlətdikləri ünvan 2 ünvanında yerləşən “Aysun İsmayılova boutique atelye beauty center” adlı obyektə gəlmiş və orada olarkən Aysun Cəlilova ilə ünsiyyət yaratmışdır. Lakin həmin vaxt Aysun Cəlilova ona qarşı nalayiq ifadələr işlətmiş və həmin ifadələrdən hiddətləndiyinə görə o özünə məxsus olan otaqda sonuncu ilə birgə çəkilmiş fotonu sındırmışdır. Lakin o, həmin vaxt işçilərin ünvanına hər hansı nalayiq ifadə işlətməmişdir. Daha sonra onun tərəfindən ortaq istifadə etdikləri “Lenovo” markalı noutbuku içərisində ona məxsus olan şəxsi məlumatları köçürmək məqsədilə götürərək obyekti tərk etmişdir. Daha sonra özünə məxsus olan məlumatları götürdükdən sonra həmin noutbuku vəkili vasitəsilə geri qaytarmışdır. Daha sonra Aysun Cəlilova ilə münasibətlərini aydınlaşdırmaq və yenidən barışıq əldə etmək üçün sonuncu ilə əlaqə yaratmağa çalışsa da, onun səyləri nəticəsiz qalmışdır. Daha sonra polis əməkdaşları tərəfindən polis bölməsinə izahatının alınması mqəsədilə dəvət olunmuş, o da həmin gün, yəni 24 may 2023-cü il tarixdə saat təxminən 16:00 radələrində polis bölməsinə getmiş və orada izahatı alınaraq barəsində protokol tərtib olunmuşdur. Halbuki, onun tərəfindən hər hansı nalayiq ifadə işlədilməmiş və Aysun Cəlilovaya hər hansı xəsarət yetirilməmişdir. İzahatının sonunda məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 nümayəndəsi X8 verdiyi izahatında göstərmişdir ki, X10 və Şəxs boşandıqdan sonra Şəxs mübahisələr yaratmağa başlamışdır. Belə ki, Şəxs 27 aprel 2023-cü il tarixdə Aysun Cəlilovanın icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən “Aysun İsmayılova boutique atelye beauty center” adlı obyektə gəlmiş və orada Aysun Cəlilovaya və digər şəxslərə qarşı nalayiq ifadələr işlətmişdir. Onun hərəkətlərinə görə obyektin içərisində olan müştərilər oranı tərk etmiş və ictimai qayda pozulmuşdur. 07 may 2023-cü il tarixdə Şəxs yenidən gözəllik salonuna gəlmiş, orada Aysun Cəlilova və ətrafda olan şəxsləri nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra Aysun Cəlilovanın qolundan tutaraq itələməyə başlamış və xəsarət yetirmişdir. Bununla kifayətlənməyərək Şəxs orada olan masaüstü “Lenovo” markalı noutbuku da götürərək obyekti tərk etmişdir. Şəxs hərəkətlərindən qorxuya düşən Aysun Cəlilova polis bölməsinə müraciət edərək şikayətçi olmuş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Hal-hazırda zərərçəkmiş şəxs Aysun Cəlilova ilə Şəxs arasında barışıq olmadığından sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 24 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulan əməlləri törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, ekspertiza rəyi, iş materiallarında olan şahidlərin izahatları və iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı Əli Əliyev tərəfindən qəbul edilmiş 24 may 2023-cü il tarixli qərardan görünür ki, X5 ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 685 saylı, 24 may 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, X5 bədən səthində aşkar edilmiş xəsarət-sağ əlin sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 07 may 2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olumur. X5 bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi mümkündür. İş materiallarında olan inzibati qaydada tutma haqqında 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 24 may 2023-cü il tarixdə, saat 16:10-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də, inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq ona 01 (bir) ay müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 24 may 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X9 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2599/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2599/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver