Məhkəmə qərarları › İş №3(006)-2605/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2605/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2605/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X3 vəkili X4, İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon X12 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati xəta haqqında icraat başlanılması və inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas olmamış, tərəflərindən heç bir qanun pozuntusuna yol verilməmiş, sifariş edilmiş mallar ölkə ərazisinə idxal edilmiş, onların dəyəri ödənilməklə və malların idxalına dair sənədlər vaxtında banka təqdim edilmişdir. Belə ki, 10 sentyabr 2019-cu ildə onunla Türkiyə Respublikasında fəaliyyət göstərən Mateks Makina Sanayi şirkəti arasında ümumi dəyəri 54.000 ABŞ dolları olan 2 ədəd “Mateks” markalı xəmir yayan avadanlığın alqı-satqı müqaviləsi (№ 19-910) bağlanmışdır. Malların dəyərinin ödənilməsinə üçün satıcı tərəfindən 19-1018 saylı hesab-faktura (Pro forma İnvoice) təqdim edilmişdir. Malların ümumi dəyərindən əvvəlcədən 18 oktyabr 2019-cu ildə 10.000 ABŞ dolları ödənilmiş, sözügedən avadanlıqların idxal olunması ilə bağlı zəruri sənədlər - 10 sentyabr 2019-cu il tarixli müqavilə, hesab-faktura və gömrük kodu barədə məlumat avans ödəniş edildiyi gün - 18 oktyabr 2019-cu ildə Bank VTB ASC-yə elektron qaydada təqdim edilmişdir. 29 oktyabr 2019-cu ildə tələb olunan sənədləşdirmə işləri aparıİmaqla gömrük orqanına 54.000 ABŞ dolları məbləğində 2 ədəd avadanlığa görə **********6505 saylı bəyannamə təqdim edilmiş və sifariş olunan mallar ölkə ərazisinə idxal olunmuşdur. Malların idxalını təsdiq edən sənədlər banka təqdim edilmişdir. Mallar ölkə ərazisinə idxal olunduqdan sonra 26 fevral 2020-ci ildə 44.000 ABŞ dolları qalıq hissə də ödənilmişdir. Yəni 29 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilən 44.000 ABŞ dolları məbləğində vəsait avans ödəniş deyil, sifariş olunan mallar ölkəyə idxal olunduqdan, gömrük rəsmiləşdirilmələri aparıldıqdan və bu barədə sənədlər banka təqdim edildikdən sonra ödənilmiş qalıq ödənişdir. Sifariş olunan malların idxalı ilə bağlı sənədlər dərhal banka təqdim edilmişdir. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin inzibati xəta hadisəsinin mövcudluğundan və inzibati xəta törətməkdə şəxsin təqsirli olmasından söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 vəkili X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5 izahatında bildirmişdir ki, 10 sentyabr 2019-cu ildə X6 ilə Türkiyə Respublikasında fəaliyyət göstərən Mateks Makina Sanayi şirkəti arasında ümumi dəyəri 54.000 ABŞ dolları olan 2 ədəd “Mateks” markalı xəmir yayan avadanlığın alqı-satqı müqaviləsi bağlanmış, X6 54000 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq 44000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı X6 44000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vasait hesabına alınan mallar (xidməti) ölkəyə idxal edilməmişdir. **********6505 saylı gömrük bəyannaməsi üzrə 54000 ABŞ dolları dəyərində mal 29 oktyabr 2019-cu il tarixdə ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara 10000,00 ABŞ dolları məbləğində vəsait, 26 fevral 2022-ci il tarixdə isə 44000 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, **********6505 saylı gömrük bəyannaməsi üzrə 54000 ABŞ dolları dəyərində mal 29 oktyabr 2019-cu il tarixdə ölkəyə idxal olunmuşdur. Məhkəmə qeyd edir ki, şikayət vermiş şəxsin mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının Mərkəzi X1 44000 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 26 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdüyü, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlərin təqdim edilmədiyi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığına əsaslanmışdır. Şikayət vermiş şəxs X6 isə şikayətində 44.000 ABŞ dolları məbləğində vəsaitin avans ödəniş deyil, 10 sentyabr 2019-cu ildə onunla Türkiyə Respublikasında fəaliyyət göstərən Mateks Makina Sanayi şirkəti arasında bağlanmış müqavilə üzrə ümumi dəyəri 54000 ABŞ dolları olan və 10000 ABŞ dolları hissəsi qabaqcadan ödənilmiş mallara dair həmin mallar ölkəyə idxal olunduqdan, gömrük rəsmiləşdirilmələri aparıldıqdan və bu barədə sənədlər banka təqdim edildikdən sonra qalıq qalmış ödəniş olmasını qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X6 barəsində olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar