Məhkəmə qərarları › İş №3(006)-2608/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2608/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2608/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxs «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 04 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. xx.xx.2024-cü il tarixdə, «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə müraciət edərək bildirmişdir ki, məhkəməyə təqdim edilən poçt qəbzində qəbzin çatdırıldığı xx.xx.2023-cü il tarixdə, onu qəbul etmiş, imzalamış “Hüseynova” soyadında Nümayəndəlik əməkdaşı Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev 6 ünvanında işləməmiş, sənəd qəbul etməmişdir. Qeyd edək ki, Nümayəndəliyin həmin tarixdə 2000-dən yuxarı işçi sayı olmuşdur. Həmin tarixdə Nümayəndəliyin “Yalama-Sumqayıt Dəmir Yolu Xəttinin Bərpasının dizayn, təchizat və quraşdırma işləri” layihəsində (Şabran rayonu ərazisində) “Hüseynova” soyadlı 1 əməkdaş işləmişdir. Həmin əməkdaş qeyd olunan layihədə xadimə vəzifəsi (bu vəzifə üzrə əmək funksiyalarına sənəd qəbulu daxil deyil) üzrə işləri icra etmişdir, həmçinin, işçi fərqli imzaya malikdir. Məhkəmənin diqqətinə çatdıraq ki, təcrübədə görülür ki, bəzən başqa şirkətə/fiziki şəxsə ünvanlanmış məktublar Nümayəndəliyə daxil olur, lakin biz etik davranış sərgiləyərək poçt xidməti ilə əlaqə saxlayır, məktubun yanlış gəldiyini bildiririk. Görünür ki, burada da eyni hal baş vermiş, Nümayəndəliyə ünvanlanmış məktub hansısa başqa ünvana təhvil verilmiş, sonradan da Nümayəndəliyə daxil olmamışdır. Əlavə olaraq qeyd edək ki, tərtib olunmuş X3 Məcəlləsinin 100.2, 100.3, 100.4-cü maddələrinin tələbləri pozularaq tərtib olunmuşdur. Yəni, protokol tərtib olunması barədə Nümayəndəlik məlumatlandırılmamış, hüquqi şəxsin nümayəndəsi dəvət edilməmiş, hüquq və vəzifələr izah edilməmiş, tərtib edilmiş protokolun surəti verilməmiş, nümayəndəliyin protokolla tanış olmaq, ona münasibət bildirmək hüquqları pozulmuşdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, həm tərtib edilmiş protokolda pozuntular həm də, təqdim edilən sübutlar mötəbər və şübhədənkənar olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxs «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 vəsatətin məzmununa uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubundan görünür ki, hüquqi şəxs «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olan “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi xahiş olunmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin məktubundan görünür ki, «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən sorğuya vaxtında cavab verilmədiyi üçün onun barəsində Xətai RPİ-nin DYPŞ-də inzibati icraatın başlanılması barədə «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məlumat verilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis mayoru X4 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 04 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin məktubundan görünür ki, «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən sorğuya vaxtında cavab verilmədiyi üçün barələrində tərtib olunmuş 04 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokolun surəti onlara göndərilmişdir. SX006572868AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə iş materiallarına əlavə edilmiş xəbərnaməyə əsasən, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, lakin həmin sorğu məktubunu qəbul etmiş şəxsin adı, atasının adı və vəzifəsi xəbərnamədə tam olaraq göstərilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi səlahiyyətli orqanın sorğu məktubunu qəbul etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «X6 Sanayi ve Ticaret Anonim Şirketinin» Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar