Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2616/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan (MYİ № ******) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5441/2023 nömrəli icra vərəqəsi ilə bağlı "xxxx" MMC-dən 173304,35 manat "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lakin rəhbər dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icranı təmin etməmişdir. Nəticədə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(113)-5441/2023 nömrəli icra vərəqəsi üzrə borcunu tam ödəməmiş və icra sənədini uzun müddət icrasız saxlamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5441/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi Nəsimi rayon İcra şöbəsinin icrratına daxil olmuş, icra məmuru Nəzrin İbişova tərəfindən xx.xx.2023-cü il tarixdə icra vərəqəsinin könüllü icra olunması üçün qərar və bildiriş qəbul olunmuş və icra olunması üçün borclu "xxxx" MMC-yə göndərimişdir. Borc isə könüllü olaraq icra olunmamışdır. Borclu "xxxx" MMC-nin Şəxs icra şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu vəzifəli şəxs icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələ də yayınmaqdadır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X1 izahatında bildirmişdir ki, iki türk vətəndaşı şirkət qurmuş, həmin şirkətin əvvəlki direktoru müvafiq işlərin görülməsi ilə bağlı başqa şirkətlərlə müqavilə bağlayır və həmin işlər görüldükdən sonra işi görən şirkətlərə pullar ödənilmir və şirkətin direktoru Serdar bəyi aldadır və dolayısı yolla şirkət Serdar bəyə notarial qaydada satılır, Serdar bəy isə həmin şirkətin müvafiq hüquqi şəxslərə borcunun olmasını sonradan bilir. Serdar bəydə qərəzli ödəməmə yoxdur, Serdar bəy sonrakı müqavilələrdən gələn qazanclar nəticəsində rəhbəri olduğu müddətdə şirkətin 40.000 borcunu ödəyibdir. Həmin borc silinibdir. MMC olaraq həmin borcun ödənilməsindən yayınma yoxdur, sadəcə indiki vəziyyətdə şirkətin işlərinin az olması ilə bağlı ödənişlər olunmur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, icra vərəqəsindən məlumatı var. Həmin borc köhnə təsisçi və direktorun vaxtında yaranan borcdur. 44.000 manat borc olub, onun bir qismini ödəmiş, borcdan 4500 borc qalıbdır. Həmin borcun da ödənilməsi ilə bağlı cəhdləri olmuş, lakin işlərin zəifləməsindən, işin olmamasından həmin borcu ödəyə bilməmişdir. Hal hazırda əllərində olan lahiyələrdən pul gəlməlidir, pul hesaba oturan kimi həmin məbləğ ödəniləcəkdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5441/2023 nömrəli icra vərəqəsindən görünür ki, ərizə qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Birinci Tərəf kimi) ilə “Emek Mühəndislik" Məhdud Məsuliyyətli Cəmiyyəti (İkinci Tərəf kimi) arasında mediasiya prosesi nəticəsində bağlanmış 15 sentyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir. 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 117786,90 AZN pul vəsaitini 20 oktyabr 2023-cü il tarixinə qədər iki hissədə (60%/40%), aşağıdakı qrafikə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “barışıq sazişinə əlavə etdiyi rekvizitlərinə köçürmə yolu ilə ödəmə öhdəliyini qəbul edir: 30 sentyabr 2023-cü il tarixinə qədər 70672,14 AZN, 20 oktyabr 2023-cü il tarixinə qədər 47114,76 AZN, cəmi 117786,90 AZN ödənişlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qrafikdə qeyd edilən tarixlərdən gec olmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən köçürmə yolu ilə ödəniləcək. 2. Bu sazişin şərtləri "xxxx" MMC tərəfindən pozulduğu andan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 117786,90 AZN əsas, 55517,45 AZN cərimə, cəmi 173 304,35 AZN borcun alınması üçün aidiyyəti məhkəməyə müraciət edə bilər. 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsas borcu barışıq sazişinə uyğun ödədiyi təqdirdə, həmin əsas borca cərimə kimi hesablanmış 55517,45 AZN pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tələb edilməyəcək və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cərimə öhdəliyinə xitam veriləcəkdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» bildirişin surətindən görünür ki, “Emek Mühəndislik" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-5441/2023 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun hesabları üzərinə həbs qoyulması” haqqında qərarın surətindən görünür ki, “Emek Mühəndislik" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 108043,29 manat məbləğində həbs qoyulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun hesabları üzərinə həbs qoyulması” haqqında qərarın surətindən görünür ki, “Emek Mühəndislik" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 387670,64 manat məbləğində həbs qoyulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.”. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Məhkəmə, həmçinin nəzərə alır ki, borclu Şəxs tərəfindən icra sənədi qismən icra olunmuşdur. Bu isə onu göstərir ki, borclu Şəxs borcun icrasından qərəzli yayınmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin səlahiyyətli orqan tərəfindən sistematik olaraq göstərilmiş pozuntulara malik olan anoloji xarakterli inzibati xəta haqqında protokolların tərtib edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqeyinin məntiqi davamı kimi aşağıdakıları protokol tərtib etmiş orqanın diqqətinə çatdırmağı zəruri hesab edir: - Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarı); - Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir («Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5441/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2616/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2616/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver