Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2620/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 yol patrul xidməti inspektoru, polis baş serjantı – X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, X7 küçəsi, döngə 2, ev 7 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 yol patrul xidməti inspektoru, polis baş serjantı – X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333- 1.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 yol patrul xidməti inspektoru, polis baş serjantı – X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, 18 aprel 2025-ci il tarixdə, saat 14:58 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində Şəxs «Hyundaı Sonata» minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hərəkət axınının əksinə idarə etməklə kobud qayda pozuntuları törətmiş, cəmiyyətə qarşı nümayişkaranə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri etmiş və beləliklə də İXM-nin 511.1.3-cü maddəsinin tələblərini pozmuşdur. Şəxs X5 əməkdaşları tərəfindən saxlanılmış, idarəyə təqdim olunarkən onun hərəkətlərində qeyri adekvatlıq müəyyən olunmuş, yaranmış zərurətlə əlaqədar həkim yoxlanışına təqdim olunmuş və yoxlamanın nəticəsi olaraq onun narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında olması müəyyən edilmişdir. Şəxs barəsində protokol tərtib edilən zaman müəyyən olunmuşdur ki, Şəxs 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati həbs növndə tənbeh tətbiq olunmuşdur. Beləliklə Şəxs tərəfindən il ərzində eyni əməl təkrarən törədilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 333-1.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 2 ay əvvəl 15 gün müddətinə inzibati həbs edilmişdir. O, bir həftə əvvəl «Hyundaı Sonata» minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etmiş, həmçinin, Gəncə şəhərində yaşadığı üçün Bakı şəhərinin ərazisini yaxşı tanımamış və bu səbəbdən də əks istiqamətli hərəkət zolağına çıxmışdır. Buna görə də X5 əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt avtomobildə onun həyat yoldaşı olmuşdur. O, bir həftə əvvəl içkili vəziyyədə saxlanılsa da, lakin bugün, yəni 18 aprel 2025-ci il tarixdə Respublika Narkoloji Mərkəzinə aparılmış və orada həkim müayinəsindən keçirilmişdir. Barəsində inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilir, əməlindən peşmandır. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan məlum olur ki, 18 aprel 2025-ci il tarixdə, saat 14:58 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində «Hyundaı Sonata» minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Kompakt diskdəki görüntülərdən görünür ki, Hyundaı Sonata» minik markalı **-ER- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərin edilməsi müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2177 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs kannabioidlərin və psixotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3 və 333-1.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi onun özünün izahatı, CD-diskdəki görüntülərlə və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edildiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. 333-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Azərbaycan Respublikası İXM-in 511-ci maddəsindən görünür ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmçinin, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaların törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 30 (otuz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair tənbeh tədbiri müstəqil icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:15dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2620/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2620/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver