Məhkəmə qərarları › İş №3(006)-2628/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2628/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2628/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-in) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 02 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, eyni tarixli MN seriyalı ******* nömrəli qərardadı ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, «Qarabağ və X11 rayonlarına giriş» informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad olunmuş ərazilərə iş icazəsi aldığı şəxslər X9, X10, X7 Nazirliyin «Əmək və məşğulluq» sistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X12 protokolun məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmağı mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Daxili İşlər Nazirliyinin həmin informasiya sistemindəki məlumatlara (“Qarabağ və X11 rayonlarına giriş” informasiya sistemi) əsasən X2, X3 və X1 Şəxs MMC tərəfindən işə cəlb edilmələri yox, sadəcə barələrində Qarabağ rayonlarına faktiki giriş üçün icazənin alınması barədə müraciət edildiyi təsdiq olunur. Bundan başqa, X2, X10 və X7 öz ərizələrində vurğulayırlar ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC tərəfindən Qarabağ və X11 zonasında iş təklifi ilə sonradan razı olmadıqları üçün əmək müqavilələrinin bağlanmasından imtina ediblər, Şəxs MMC ilə heç vaxt əmək münasibətləri yaranmamışdır və Qarabağ və X11 zonasına Şəxs MMC-nin dəvəti ilə getməyiblər.Şəxs MMC inşaat şirkəti olaraq müvafiq dövlət orqan və idarələri tərəfindən Qarabağ ərazisində müxtəlif tikinti-quruculuq işlərini həyata keçirməyə Baş podratçı olaraq cəlb edilmişdir. Qarabağda çalışmaq üçün X9, X10 və X7 barəsində Şəxs MMC tərəfindən 2024-cü ilin mayın əvvəlində “Qarabağ və X11 rayonlarına” giriş üçün DİN-ə müraciət edilsədə, adları çəkilən şəxslər qısa müddətdən sonra fikirlərindən daşınıb, iş təkliflərini qəbul etməmişlər, şirkətdə işləməyə razı olmamışdırlar. Belə ki, Şəxs MMC tərəfindən adları çəkilən şəxslər bir gün də olsa hər hansı əmək və sairə fəaliyyətinə cəlb edilməmişdirlər. Eyni zamanda Əmək Müfəttişliyinin istinad etdiyi DİN-nin “Qarabağ və X11 rayonlarına giriş” informasiya sisteminin siyahısında olan X2, X3 və X1 Qarabağ ərazisində işləməsi (faktiki əraziyə daxil olmaları) üçün icazənin alınmasına müraciətin Şəxs MMC tərəfindən edilməsi zərurəti bu prosesin Şəxs MMC-dən asılı olmayan və DİN tərəfindən müəyyən edilmiş xüsusiyyətlər ilə bağlıdır. Adları çəkilən şəxslərin ərizələri ilə də təsdiq olunur ki, onların şirkətlə hər hansı əmək münasibətləri olmamışdır, yaranmamışdır. Bu səbəbdən də göstərilən iznibati xətanın törədilməsi baş verə bilməzdi. Əmək Müfəttişliyi isə həmin sistemə əsasən yanlış olaraq belə qənaətə gəlmişdir ki, bu şəxslərlə şirkət arasında əmək münasibətləri vardır və bu səbəbdən İnzibati xətanın törədilməsi ehtimalını etmişdir. Müvafiq Protokola diqqət yetirilsə görünür ki, dövlət qurumu inzibati hüquq pozmanın sadəcə hansısa məlumatın aşkar edilməməsi əsasında tərtib etmişdir və hər hansı digər sübutlar təqdim etməmişdir. Çünki digər hər hansı sübut mövcud da deyildir. X5 tərtib edərkən yuxarıda göstərilən hallara nəzər yetirməmiş, nəzərə almamışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən aşkar ediləcəkdir ki, həmin şəxslərin hətta hər hansı izahatları belə Əmək Müfəttişliyi tərəfindən alınmamışdır, həmin şəxslərdən hər hansı şikayət daxil olmamışdır və mübahisə edilən hal ilə bağlı hər hansı digər sübutlar təqdim edilməmişdir. Göstərilənlər əsasında da qənaətə gəlinir ki, Əmək Müfəttişliyi tərəfindən məsələ üzrə səthi araşdırma aparılmış və əsassız protokol tərtib edilmişdir. İş materiallarında müəyyən olunur ki, Əmək Müfəttişliyi inzibati xəta haqqında protokol tərtib edərkən işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırmalı olduğu halda, iş üzrə səthi araşdırma apararaq Şəxs MMC tərəfindən X9, X10 və X4 iş icazəsi almaq üçün “Qarabağ və X11 rayonlarına giriş” informasiya sisteminə hər hansı müraciət ünvanlayıbünvanlanmaması, Şəxs MMC-nin “Qarabağ və X11 rayon” larına daxil olan inzibati ərazi vahidində fəaliyyət göstərib-göstərməməsi, hansı sahibkarlıq fəaliyyəti növü ilə məşğul olması, qeyd olunan işçilərin “Qarabağ və X11 rayon”larına daxil olub-olmaması, daxil olublarsa hansı rayonda işlərin icrasına cəlb olunub-olunmaması araşdırılmamış, cəlb olunduqları iş yerinin audio-video çəkilişi aparılmamış, X9, X10 və X1 yazılı izahatları alınmamış və digər müvafiq sübutlar toplanmamışdır. Əmək Müfəttişliyi tərəfindən məhkəməyə X9, X10 və X1 məhz Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə, ümumiyətlə X9, X10 və X1 həmin cəmiyyətlə hər hansı bir əlaqələrinin olmasına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İnzibati araşdırmanı aparan və protokolu tərtib edən orqan X9, X10 və X1 Şəxs MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi barədə nəticəyə gəlsə də, buna dair mötəbər sübutlar mövcud deyildir, yerinə yetirilmiş işlərin (xidmətlərin) məhz nədən ibarət olması, həmin işlər (xidmətlər) həyata keçirildiyi halda isə onların mülki qanunvericiliklə müəyyən olunmuş işlər (xidmətlər) (tapşırıq müqaviləsində nəzərdə tutulmuş) sırasına deyil, məhz əmək münasibətləri pozulmaqla, müqavilə bağlanılmadan işlərin, xidmətlərin görülməsinə cəlb edilməyə aid olması, bu zaman inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Təqdim olunan sübutlara münasibətdə qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən X9, X10 və X4 işçi icazəsi (faktiki giriş icazəsi) alınması barədə “Qarabağ və X11 rayonlarına” giriş informasiya sistemi üzərindən təqdim olunan məlumatlar inzibati məsuliyyətin əsasını təşkil edən “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” barədə hüquqi nəticəyə gəlinməsinə əsas verə bilməz. Hazırkı iş üzrə “hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi”ni təsdiq edən hər hansı sübut yoxdur, təqdim edilən heç bir sənədlə inzibati xətanın mövcudluğu sübut edilmir, sadəcə ehtimal edilir. Bu hissədə Məhkəmənin diqqətinə çatdırır ki, Əmək Müfəttişliyi tərəfindən göstərilən məlumatlara sübut qismində istinad edilməsi dolayı və ehtimallara əsaslanır və bunun əsasında inzibati xətanın baş verməsini bildirmək əsassızdır. Bu səbəbdən də hesab edirəm ki, məhkəmə tərəfindən inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göründüyü kimi inzibati xəta hadisəsinin olmaması, sübutların yetərsizliyi, birbaşa sübutların olmaması, dolayı olması, protokolun ehtimala əsasən tərtib edilməsi, belə qənaətə gəlməyə əsas verir ki, inzibati xəta hadisəsi baş verməmişdir. Göstərilənləri və qanunvericiliyi müddəalarını əsas tutaraq, Şəxs MMC barəsində tərtib edilmiş MN №1933101 saylı, xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsini, onun barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X7 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Şəxs MMC tərəfindən Qarabağ və X11 zonasında iş təklifi ilə sonradan razı olmadığı üçün əmək müqaviləsinin bağlanmasından imtina etmişdir və Şəxs MMC ilə heç vaxt əmək münasibətləri mövcud olmamışdır. Qarabağ və X11 zonasına Şəxs MMC-nin dəvəti ilə getməmişdir. X10 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Şəxs MMC tərəfindən Qarabağ və X11 zonasında iş təklifi ilə sonradan razı olmadığı üçün əmək müqaviləsinin bağlanmasından imtina etmişdir və Şəxs MMC ilə heç vaxt əmək münasibətləri mövcud olmamışdır. Qarabağ və X11 zonasına Şəxs MMC-nin dəvəti ilə getməmişdir. X9 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, 2024-cü ilin may ayında Şəxs MMC tərəfindən Qarabağ və X11 zonasında iş təklifi ilə sonradan razı olmadığı üçün əmək müqaviləsinin bağlanmasından imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə protokolda adları qeyd olunmuş şəxslər tərəfindən daxil olmuş ərizələri araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi tərkibinin yaranması üçün şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməlidir. Sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əmək qanunvericiliyində təsbit olunmuş əsas hüququ hesab olunur. İşçi əvvəlcə əmək şəraiti ilə tanış olmalı, daha sonra əmək müqaviləsinin bağlayıb-bağlamamaq barədə qərara gəlməlidir. Əmək müqaviləsi bağlamazdan əvvəl protokolda göstərilən şəxslərin əmək şəraiti ilə yaxından tanış olmaq məqsədilə icazə üçün elektron müraciət etməsi əmək münasibətlərinə daxil olma əsası kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, həmin sübutlar sübutetmə predmetinə daxil olan bütün halların sübuta yetirilməsi üçün kifayət etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan mötəbər sübutlara istinad etməyərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, hazırkı iş üzrə “fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs MMC barəsində əsassız olaraq “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul etmişdir. Odur ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş hallar məhkəmədə Şəxs MMC-nin inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 02 iyul 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 02 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar