Məhkəmə qərarları › İş №3(006)-2633/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2633/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2633/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X2 iştirakı ilə, X3 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onu 30 may tarixində 20 Yanvar dairəsində YPX inspektoru polis serjantı X1 inzibati xəta haqqında protokol İXP ******* tərtib etmiş və İXM 372.1 maddəsi ilə 40 manat cərimə etmişdir. O, inspektora heç bir qayda pozmadığını bildirmişdir. Əgər pozmuşdursa, ona qayda pozuntusunu əks etdirən bir sübut təqdim etmə\sini xahiş etmişdir. Lakin inspektor ona heç bir görüntü təqdim etməmiş və həmin gün, xx.xx.2024 tarixində onun "asanpay.az” kabinetində qərarsız protokol yerləşdirilmişdir. Amma xahiş etmsinə baxmayaraq, heç bir görüntü əlavə olunmamışdır. Protokol qərarsız olduğuna görə o, 10 gün asanpay kabinetində şikayət edə bilməmişdir. Nəhayət protokol qərarlı olandan sonra 11 iyun tarixində asanpay kabinetində protokoldan şikayət etmiş. Bugünkü günə qədər cavab gəlməmişdir. 21 İyun tarixində ona Bakı şəhər DYPİ-nə qərar TP ******* təqdim olunmuşdur. Ona qarşı yazılan protokol və qəbul olunan qərardan şikayətçidir. O, qaydalara uyğun olaraq hərəkət etmişdir. Ona serjant Qasımlı Xeybər tərəfindən yerində təqdim olunan kağız protokolda YHQ-un hansı maddəsini pozduğu qeyd olunmamışdır. Protokolda iki dəfə İXM 372.1 qeyd olunmuşdur. Halbuki birinci pozduğu yol hərəkəti qaydası qeyd olunmalı və ondan sonra tətbiq olunan inzibati xətanın cəriməsi. Elektron kabinetdə yerləşdirilən protokolda sübut kimi heç bir video və foto əlavə olunmamışdır. Odur ki, Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən X5 şikayətinin məzmunun uyğun olaraq izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 bildirmişdir ki, X5 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, X5 xx.xx.2024-cü il tarixdə saat 08:40-da idarə etdiyi “Hyundai İX35” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Odur ki, X3 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən X3 barəsində qəbul edimiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X5 yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin, məhkəmənin inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə ünvanladığı sorğuya cavab verilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapdığından xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar