Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2635/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 16 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən sahə rəisi B.Ə.Musayev tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə edərək bildirmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə 20-ci PB-nin əməkdaşları R.Dərziyev və M.Eminov xidmətdə olduqları zaman 20 Yanvar dairəsi “Park 20” Ticarət Mərkəzinin qarşısında bir nəfər şəxsin telefon ilə onları çəkdiklərini görmüş, əməkdaşlar dərhal həmin şəxsə yaxınlaşmış və onları çəkməsinin səbəbini soruşduqda həmin şəxs onlara uca səslə vətəndaşların yanında (sizlərdən və sizin formanızdan zəhləm gedir, gedin rədd olun, siz kimsiniz? Lazım olsa sizin paqonlarınızda sökərəm, siz mənə heçnə edə bilməzsiniz, sizlər şərəfsiz və ləyaqətsiz insanlarsınız) bu kimi nalayiq ifadələr onlara qarşı işlətmişdir. Əməkdaşlar həmin şəxsi polisin qanuni tələbinə tabe olmağı tələb etsələrdə sonuncu polislərin tələbinə qəsdən məhəl qoymamışdır. Polis əməkdaşları həmin şəxsi 20-ci PB-nə dəvət etmiş və sonuncunu həmin bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Bölmədə həmin şəxsin xx xxxxxx 1979-cu il təvəllüdlü Şəxs olması məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, taksi sürücüsüdür. O, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının 300 metr aşağısında qıraq hissədə növbədə dayanmış, polis əməkdaşı ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşının mübahisə etdiklərini görmüş və onlara yaxınlaşaraq ikisinində dövlət işçisi olmasını xatırladıb bir-birilərini yol vermələrini məsləhət görmüşdür. O, heç bir çəkiliş aparmamışdır. Polis əməkdaşı ona yaxınlaşıb onu çəkməsinin səbəbini soruşmuş və ona qarşı nalayiq ifadə işlətmişdir. O da buna polisə qarşılıq olaraq onların aqresiyyasından zəhləsi getdiyini bildirmişdir. O, heç kəsi təhqir etməmiş və heç kəsə qarşı nalayiq ifadə işlətməmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən yalnız izahatı alınmış, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuşdur. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri X2 izahatında göstərmişdir ki, Bakı Nəqliyyat Agentliyi onları növbəyə çağırmış, həmin vaxt nəqliyyat işçisi ilə vətəndaşın mübahisəsi olmuş, onlar həmin şəxsləri sakitləşdirmiş, sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onların videosunu çəkdikdə o, həmin şəxsdən niyə çəkiliş apardığını soruşduqda sonuncu ona formasından və ondan zəhləsi getdiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi RPİ-nin 20-ci PB-nə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşları tərəfindən polis bölməsinə gətirildikdən sonra onun hüquqlarının təmin edilməsi ilə bağlı prosessual hərəkətlər lazımi səviyyədə həyata keçirilməmiş, hüquqlarını müdafiə etməsi üçün müdafiəçiyə ehtiyacının olub-olmaması məsələsi araşdırılmamış, ona öz müdafiəçisi və ya dövlət tərəfindən təyin olunan müdafiəçi ilə əlaqə saxlamaq və görüşmək imkanı yaradılmamış, bununla da, Şəxs hüquqi yardım almaq kimi fundamental konstitusion hüquqlarından biri pozulmuşdur. Bundan başqa, Şəxs barəsində olan inzibati xəta haqqında protokol da natamam tərtib olunmuşdur. Belə ki, protokolda Şəxs Azərbaycan Respublikasının İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin hansı sübutlarla təsdiq edilməsi göstərilməmiş, izahat və mülahizələr hissələrində müvafiq qeydlər aparılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-də nəzərə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, eləcə də protokolun surətinin alınması hissələrində formal qeydlər aparılsa da, bu hərəkətlərin həqiqətən də həyata keçirilməsi sonuncu tərəfindən təsdiqlənməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi RPİ-nin 20-ci PB-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2635/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2635/2021
16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver