Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2645/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 16 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, sahə inspektoru inzibati iş üzrə icraatı natamam şəkildə apararaq işi məhkəməyə təqdim etmişdir. PŞ-də aparılan inzibati icraat zamanı sahə inspektoru iş üzrə zərərçəkmiş şəxsi dəvət edərək izahatını almamış və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını, onunla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıb-qaldırılmamasını müəyyən etməmişdir. Belə olan halda isə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli olması məsələsi barədə müvafiq qənaətə gəlmə mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Göründüyü kimi yuxarıda qeyd edilən halları araşdırmadan şəxs barəsində inzibati icraat başlamışdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edən sahə inspektoru zərərçəkmiş şəxsi dəvət edərək izahatını almadığı, zərərin ödənilibödənilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışıq əldə edib-etməməsi, sonuncuya qarşı hələ də şikayət və tələbinin olub-olmaması məsələsini araşdırmadığı, həmçinin həmin məsələlərin müəyyən edilməsi üçün zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirakını təmin etmədiyi və mövcud natamamlıları isə sanksiyasında inzibati həbs növü nəzərdə tutulan, yəni dərhal baxılmalı olan işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2645/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2645/2021
16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver