Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2647/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı – X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində qayda pozuntusu törətdiyi üçün X10 İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin inspektoru Şəxs pozduğu qayda pozuntusunu izah edən zaman sonuncu aqressiv hərəkətlər nümayiş etdirmiş, nalayiq ifadələrdən istifadə edərək səs-küy salmış, polis əməkdaşlarına qarşı etik norma və qaydalara uyğun olmayan ifadələr işlətmişdir. Dəfələrlər Şəxs nizam-intizama dəvət edilsə də, sonuncu polis əməkdaşlarının ünvanına qarşı nalayiq ifadələrdən istifadə etmişdir. Buna görə də əraziyə Post Patrul Xidmətinin əməkdaşları dəvət olunmuş Şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində tərəfindən Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərlə əsasən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 22 aprel 2025-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində idarə etdiyi “Ford” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin əməkdaşı ona saxla əmri vermiş, o avtomobili saxlamışdır. Yol Patrul Xidmətinin inspektoru ona yaxınlaşaraq özünü təqdim edərək qanun pozuntusu törətdiyini billdirmişdir. Bu zaman ona hüquq və vəzifələri izah olunmamışdır. O, polis əməkdaşına hüquqlarını izah etməsini tələb etsə də, polis əməkdaşı ona hüquqlarını izah etməmişdir. Halbuki, Azərbaycan Respublikasının qanunlarına əsasən Yol Patrul Xidmətinin inspektoru ona hüquqlarını izah etməlidir. Lakin, polis əməkdaşı qanunun tələblərinə əməl etməmişdir. Polis əməkdaşı ondan sürücülük vəsiqəsini təqdim etməsini istədikdə, o dərhal sürücülük vəsiqəsini təqdim etmişdir. Bundan sonra polis əməkdaşına bildirmişdir ki, o, tələsir və törətdiyi inzibati xəta barədə protokolu tərtib edərək ona təqdim edilsin. Lakin, polis əməkdaşı protokol tərtib edilməsini gecikdirərək onu mübahisə etmək üçün qıcıqlandırmağa başlamışdır. O, dəfələrlə polis əməkdaşından protokolu və sürücülük vəsiqəsini tələb etsə də, lakin polis əməkdaşı onun sözlərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş və sürücülük vəsiqəsi ilə inzibati xəta haqqında protokolu ona təqdim etməmişdir. Buna görə də, o iki dəfə Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng vuraraq Yol Patrul Xidmətinin inspektorundan şikayət etmişdir. Bütün bunlar təxminən bir saat yarım davam etmiş, polis əməkdaşı onu əsassız və qanunsuz yerə saxlayaraq, sürücülük vəsiqəsini və protokolu təqdim etməmişdir. Bir müddət sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşları gəlmiş və bundan sonra onun sürücülük vəsiqəsi və inzibati xəta haqında protokol ona təqdim edilmişdir. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin əməkdaşı ona saxla işarəsi verən kimi, o dərhal avtomobili saxlamış və sürücülük vəsiqəsini təqdim etmişdir. Hər hansı qanunsuz hərəkət etməmişdir. Əksinə polis əməkdaşı ona qarşı qanunsuz hərəkətlər etmiş və onu mübahisəyə cəlb etmişdir. Onun sözlərində hər hansı nalayiq ifadə olmamışdır. O, qərəzli olaraq saxlanılmış, saatlarla gözlədilmiş və barəsində əsassız yerə protokol tərtib edilmişdir. O, ümumiyyətlə nalayiq ifadədən istifadə etməmiş və hər hansı tabesizlik göstərməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru, polis kiçik serjantı X1 bildirmişdir ki, 22 aprel 2025-ci il tarixdə, saat 13:20 radələrində 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində xidmət apararkən X6 Qanunun 69-cu maddəsinin tələbini pozan “Ford Kuga” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə saxla işarəsi vermiş, sürücü avtomobili saxlamışdır. O, avtomobilə yaxınlaşaraq sürücüyə özünü təqdim etmiş, daha sonra sürücüdən sənədlərini təqdim etməsini xahiş etmiş və bildirmişdir ki, yol hərəkəti qaydalarını pozmuşdur. Sürücüyə hüquq və vəzifələrini izah edən zaman, həmin şəxs avtomobildən düşərək səsküy salmağa başlamışdır. Sürücü ilk əvvəl onun üçün namussuz ifadəsini işlətmiş, daha sonra isə polis əməkdaşlarının ünvanına qarşı nalayiq ifadələrdən istifadə etmişdir. Sürücünü dəfələrlə nizam-intizama dəvət etsə də, sonuncu onun qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirərək ətrafdakı şəxslərin diqqətini özünə cəlb etməyə çalışmışdır. Buna görə də, əraziyə X7 əməkdaşlarını dəvət etmiş və həmin şəxs Polis Şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 17:58-də inzibati qaydada tutulmuşdur. Video görüntülərin əks edildiyi CD diskə baxış keçirilən zaman xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və iş materiallarında olan xx.xx.2025ci il tarixli raportlarda göstərilmiş hallar, yəni Şəxs səs-küy salaraq nalayiq ifadələrdən istifadə etməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 2-ci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə (izahatlar və.s) sübuta yetirilmişdir ki, Şəxs 13:20 radələrində 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə Şəxs tərəfindən məhkəmə iclası zamanı vermiş izahatın özünümüdafiə xarakterli olduğu qənaətinə gəlməklə, hazırkı işə münasibətdə mötəbərli sübut kimi olmasını qəbul etmir. Bununla da, Quluzadə X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quluzadə X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 17:58-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 22 aprel 2025-ci il tarixdən saat 17:58-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2647/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2647/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver