Məhkəmə qərarları › İş №3(006)-2654/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2654/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2654/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 09.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 09.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 09.09.2021-ci il tarixində saat 13:10-da Vaqif prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində ona məxsus “Toyota Prius” minik, 99 0Z 568 qeydiyyat nişanlı avtomobili ilə “Chevrolet Aveo” markalı 99BZ421 qeydiyyat nişanlı avtomobil ilə qəza baş vermişdir. Qəza baş verən yolda, onun avtomobili dayandığı xətt həm düzünə, həm də sağa istiqamətdə nişanlanma xətti ilə göstərilmişdir. Yəni, həm düz istiqamətdə, həm də sağ istiqamətdə hərəkət edə bilər. Qəzanı törədən “Chevrolet aveo” markalı maşının dayandığı hissədə yol nişanı yanlız və yalnız sağ hissə ilə hərəkəti göstərirdi. Burada onun düz istiqamətdə irəliləməsi yol hərəkəti nişanı ilə qadağan edilmişdir. Lakin buna baxmayaraq, “Chevrolet Aveo” markalı 99BZ421 qeydiyyat nişanlı avtomobilin sürücüsü düz davam edərək, yol hərəkəti qaydaları pozmuş və nəticədə qəza baş vermişdir. Halbuki, o, dönmə işığını yandırmış və sağ istiqamətdə hərəkət edəcəyi aydın idi. Qəzadan dərhal sonra DYP əməkdaşları hadisə yerinə yaxınlaşmış və məsələni aydınlaşdırmağa başlamışlar. Qəzada zərər çəkən və yol hərəkət qaydasını pozan “Chevrolet Aveo” markalı 99BZ421 qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğu üçün əmin idi ki, məsələ onun xeyrinə həll olunacaq. Lakin tam əksi baş vermişdir. DYP kapitanı X3 qəzanı onun törətdiyini bildirmiş və hüquqi əsası olmadan sadəcə öz fərziyyəsi ilə protokol tərtib etmişdir. O, nə qədər hadisəni izah etsə də, heç bir faydası olmamışdır. DYP kapitanı onu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini rəhbər tutaraq 40 (qırx) manat cərimə etmişdir. Bu məsələdə hüquqları kobud sürətdə pozulmuşdur. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 09.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Beləliklə, tərtib olunmuş inzibati xəta haqqında protokolla da müəyyən edilir ki, şikayətçi İXMin 327.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmə iclasında iştirak etməmiş və şikayətini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 09.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 09.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar