Məhkəmə qərarları › İş №3(006)-2654/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2654/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2654/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhər Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13:30-da, Bakı şəhəri, B.Məcidov küçəsi ilə hərəkət edib A.D.Qurbanov küçəsinin kəsişməsində Şəxs idarə etdiyi mopedlə “Toyota” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı digər tərəfin avtomobilinə maddi zərər yetirdiyini bildirdi və barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə toplanmış material Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Nəsimi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X1 tərəfindən izahatı alınmış Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 13:30 radələrində idarə etdiyi “Tufan S-50" markalı 49 kub mühərrikli mopedlə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ilə üzü Türk Liseyi istiqamətində hərəkətini davam edərkən B.B.Məcidov küçəsinin kəsişməsini keçdikdə sağ tərəfdən B.B.Məcidov küçəsi ilə yolayırıcına daxil olan sonradan marka və nömrə nişanını gördüyü Toyota Prius markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön sol qanad hissəsindən idarə etdiyim mopedin ön hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində o, əl və ayaq nahiyyəsindən xəsarət almışdır. Hadisə yerində ətrafdan toplaşan şəxslər köməklik edib təcili yardım çağırmışdılar. Təcili yardım həkimlərinin ilkin yardımı və müşayəti ilə 1 saylı KTM-nə apardılar. Xəstəxanada müayinə olunmuş sonra evə buraxılmışdır. Hazırda ev şəraitində müalicəsi davam edir. Bildirirəm ki, mən mopedi həmin vaxt 25 km saat sürəti ilə idarə edirdim. Yolayırıcına daxil olanda mən avtomaşın qarşıma çıxdığını anidən gördüm və məsafə za olduğu üçün hadisənin qarşısını almağa macal tapmadım. Hadisədən sonra mən avtomaşının qadın sürücüsü ilə öz aralarında maddi ziyana görə razılaşmışlar. Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X1 tərəfindən izahatı alınmış X2 xx.xx.2024-cü il tarixdə saat təxminən 13:30 radələrində özümə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, Toyota Prius markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu B.B.Məcidov küçəsi ilə hərəkət edib Ağadadaş Qurbanov küçəsinin kəsişməsində yolayırıcını asta sürətlə keçdiyi anda sol tərəfdən A.Qurbanov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan sonradan markasını gördüyü Tufan markalı mopedin sürücüsü gəldiyi sürətlə yolayırıcında onun idarə etdiyi avtomaşının ön sol qanad və təkərətrafı hissəsinə toqquşmuş, hadisə nəticəsində moped sürücüsü əl nahiyyəsindən xəsarət almışmışdır. Hadisə yerinə ətrafdan toplaşan şəxslər təcili yardım çağırmış və Ümid adlı moped sürücüsünü müayinə olmasından ötrü təcili yardımla xəstəxanaya aparmışlar. Hadisə zamanı xəsarət almamışdır. Lakin avtomaşına maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi PHŞ tərəfindən verilmiş 654 №li ekspert rəyinə əsasən, Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol əlin İ barmağının əzilmiş-cırılmış yarası, sol əlin İİ barmağının, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları, sol baldırın, sol aşıq-baldır oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X5 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər; həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir; 338.4-cü maddəsinə əsasən velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə - qırx manat məbləğində cərimə edilir; 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar