Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2660/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X1 xx.xx.2024-cü il tarixli EQ 20306501, xx.xx.2024-cü il tarixli EQ 20652492 və xx.xx.2024-cü il tarixli EQ 20652456 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli EQ 20306501, xx.xx.2024-cü il tarixli EQ 20652492 və xx.xx.2024-cü il tarixli EQ 20652456 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X2 barəsində inzibati tənbeh vermə haqqında qərarlar xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qəbul edilsə də, həmin qərarlardan şikayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən və qərarlar qanuni qüvvəyə mindikdən sonra mübahisələndirilmiş, bu qərarlardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası barədə xahiş olunmamış, bunun üçün üzrlü səbəblər göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İş materiallarından müəyyən edilir ki, eyni vaxtda törədilmiş inzibati xətalara görə X1 barəsində ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, eyni vaxtda törədilmiş üç müxtəlif inzibati xətaya görə (328.2-ci maddəsi üzrə) X1 barəsində tərtib edilmiş üç inzibati tənbeh vermə haqqında qərardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında qərar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İşin faktik hallarından görünür ki, inzibati xəta Şəmkir rayonu (Şəmkir yolu 363.1 km) ərazisində baş vermişdir. X1 yaşayış yeri ünvan 1 ünvanıdır, lakin o, şikayətinə yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə törədilmiş bir neçə inzibati xətalara görə X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən, inzibat xəta Şəmkir rayonu ərazisində törədildiyindən və şikayətə yaşayış yeri üzrə baxılmasına dair vəsatət vermədiyindən, şikayətə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalı və şikayətçiyə izah edilməlidir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 xx.xx.2024-cü il tarixli EQ 20306501, xx.xx.2024-cü il tarixli EQ 20652492 və xx.xx.2024-cü il tarixli EQ 20652456 saylı inzibati xəta haqqında qərarlardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2660/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2660/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver