Məhkəmə qərarları › İş №3(006)-2661/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2661/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2661/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, xx xxxxxx 1992-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 avqust 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs idarə etdiyi “Toyota Prius” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan zaman N.B.Vəzirov küçəsinin kəsişməsində yol ayrıcına daxil olan zaman ehtiyatsızlıq edib gözləmədiyi üçün “BMW” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “BMW” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə və zərər çəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 29 iyun 2022-ci tarixli, 831 saylı məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu və dirsək oynağı nahiyələrinin şişkinlik halında geniş həcmli hematoması, döş qəfəsinin sol yarısının qançırı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, sürücü Şəxs 28 iyun 2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomaşınla Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan zaman N.B.Vəzirov küçəsinin kəsişməsində yol ayrıcına daxil olanda ehtiyatsızlıq edib gözləmədiyi üçün Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “BMW” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü N.M.Tanrıverdiyeva yüngül bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququ 04 (dörd) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar