Məhkəmə qərarları › İş №3(006)-2663/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2663/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2663/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 09 aprel 2025-ci il tarixli, 00800-00416/25 nömrəli (EP № 0193573) inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsindən daxil olmuş 3-33- 3100/012/005358, nömrəli raportda hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 olan Şəxs QSC (VÖEN:**********) tərəfindən xx.xx.2024-cü il tarixli, **********8143 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 37178.68 AZN, netto çəkisi 639.12 kg olan mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, yüklərin müvəqqəti saxlanc gömrük proseduru altında qalma nüddətinin bitməsinə baxmayarag 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilmədiyi bildirilmişdir. 3-33-3100/012/005358 nömrəli raportun icrası məqsədilə Hava Nəqliyyatında Baş Görnrük İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı Şəxs QSC (VÖEN:**********) tərəfindən yuxarıda göstərilən malların xx.xx.2025-ci il tarixli, **********425 sorğu nömrəli gömrük bəyannaməsi əsasında yalnız müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirildiyi məlum olmuşdur. Nəticədə hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsindən daxil olmuş 3-33-3100/012/005358, nömrəli raportdan görünür ki, “Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********8143 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 37178,68 AZN, netto çəki 639,12 kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə görə saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 229 saylı Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na görə: Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir (2.1-ci bənd); Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır (3.2-ci bənd); Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir (3.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış yükü heç bir digər gömrük proseduru altında yerləşdirməmişdir. Məhkəmə iclasında Şəxs Qapalı Səhmdar Cəmiyyəti-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs Qapalı Səhmdar Cəmiyyəti-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar