Məhkəmə qərarları › İş №3(006)-2669/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2669/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2669/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Əbdülhəsənova Aytən Ələsgər qızının katibliyi ilə, Şəxs X6 Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-Ə-42- 6932/2024 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci il üzrə maliyyə hesabatlarını, nizamnaməsini, səhmdarların reyestrini, həmin il üzrə keçirilmiş səhmdarların ümumi yığmcaqlarının protokollarının surətlərini, 2022-2023-cü illər ərzində aidiyyəti şəxslərlə bağlanılan əqdləri, xüsusi əhəmiyyətli əqdlərinin əlavələrini və investisiya qiymətli kağızlarının emissiya prospektini səhmdar Ramiz Əliyevə təqdim edilməsi, səhmdar Ramiz Əliyevin ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli EP ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X6 Cəmiyyətinin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs X6 Cəmiyyətinin direktoru X3 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq Şəxs ASC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib edilmiş EP ******* saylı, 08 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana-Azərbaycan Respublikası Mərkəzi Bankına qaytarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasən EP ******* saylı, 08 iyul 2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən qeyd edilir: “Aca-Mebel" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-42- 6932/2024 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci il üzrə maliyyə hesabatlarını, nizamnaməsini, səhmdarların reyestrini, həmin il üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərini, 2022-2023-cü illər ərzində aidiyyəti şəxslərlə bağlanılan əqdləri, xüsusi əhəmiyyətli əqdlərinin əlavələrini və investisiya qiymətli kağızlarının emissiya prospektini səhmdar Ramiz Əliyevə təqdim edilməsi, səhmdar Ramiz Əliyevin ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir”. Hesab edir ki, tərtib edilmiş protokol əsassızdır, həmçinin AR İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən aşağıda sadalanan etirazın dəlillərinə əsasən həmin protokol geri qaytarılmalıdır. Belə ki, hazırki protokol barəsində protokol tərtib edilmiş şəxsin iştirakı olmadan, ona məlumat verilmədən, iştirakı təmin edilmədən tərtib edilmiş və protokolun surəti ona təqdim edilməmişdir, inzibati xəta haqqında materiallardan görünür ki, Şəxs ASC barəsində tərtib edilmiş EP ******* saylı, 08 iyul 2024-cü il tarixli protokol inzibati xəta haqqında icraat aparılan şəxsə rəsmi qaydada verilməsini təsdiq edən sənəd və inzibati xəta törədən şəxsin izahatı inzibati materiala əlavə olunmamışdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsi məsələsini həll edir. Belə ki, iş materiallarında "xxxx" ASC-yə inzibati xəta haqqında işə baxılması ilə bağlı məlumat verilməməsini təsdiq edən hər hansı mötəbər sənəd (məktubların reyestri, xəbərnamə və s.) iş materiallarına əlavə edilməmişdir, işin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək (İXM-nin 100.1.7-ci maddəsi), işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır (İXM-nin 61-ci maddəsi). Bununla da təsdiq edilir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmədən Şəxs ASC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib edilmiş EP ******* saylı, 08 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana-Azərbaycan Respublikası Mərkəzi Bankına qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan: - X2 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış ərizədən görünür ki, o, Şəxs ASC-nin nizamnaməsinin surətini, Şəxs ASC-nin 2022-2023-cü il Qiymətli Kağız Mülkiyyətçilərinin reyestrinin surətini, Şəxs ASC-nin 2022-2023-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrin şərtləri ilə birlikdə surətlərini, emissiya prospektinin surətini, 2022-ci ilin yekunlarına dair keçirilmiş Səhmdarların ümumi yığıncağının protokolunun surətini, 2022-ci ilin yekununa dair keçirilmiş Səhmdarların ümumi yığıncağında iştirak edən Səhmdarların siyahısının surətini, 2022-ci illərin maliyyə nəticələri haqqında hesabatının, müəssənın balansının, mənfəət vergisinin bəyannaməsinin surətlərini, Şəxs ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışı ona təqdim edilməsini və həmin sənədlərə “əsli ilə düzgündür” ştampı və ya möhür vurulmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs ASC-yə ünvanlanmış 6-1-26/2-Ə-42-6932/2024 saylı məktubda cəmiyyətdən X1 müraciətində qeyd olunan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2022-ci il üzrə maliyyə hesabatlarını, nizamnaməsini, səhmdarların reyestrini, həmin il üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərini, 2022-2023-cü illər ərzində aidiyyəti şəxslərlə bağlanılan əqdlər, xüsusi əhəmiyyətli əqdlərinin əlavələrini və investisiya qiymətli kağızlarının emissiya prospektini Ramiz Əliyevə təqdim edilməsi və bu barədə 7 gün ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs ASC-yə ünvanlanmış 6-1-26/2-3889/2024 saylı məktubda Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli sorğusu ilə tələb edilən məlumatların 05 gün ərzində Mərkəz Banka təqdim edilməsi, əks halda cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə protokol tərtib olunacağı bildirilmiş və həmin məktub xx.xx.2024-cü il tarixdə Şəxs X6 Cəmiyyətinə poçt qəbzinə imza atılmaqla çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs X6 Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs X6 Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs X6 Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs X6 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar