Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2677/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən xx.xx.2022-ci il tarixdə keçirilən monitorinq zamanı ünvan 1 ünvanında yerləşən Şəxs mağazasının havalandırma sistemində səs-küy səviyyəsinin normadan artıq olması müəyyən edilmiş, bununla da, həmin Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mirqasımov küçəsində yerləşən Şəxs mağazasında iri həcmli kondisionerlər və havalandırma sisteminə aid qurğuların fəaliyyətdə olduğu müddətdə ətrafa yayılan vibrasiya və səs-küy çirklənməsinin tədqiqi məqsədilə keçirilmiş monitorinq zamanı həmin mağazanın ətrafa yaydığı səs küy səviyyəsinin 67,6 dBA təşkil etməsi və bununla da, ətraf-mühit üçün yol verilən səs-küy həddini keçməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, tərtib olunmuş protokolla razı deyillər. Belə ki, iş materiallarında yoxlama zamanı PCE-322A markalı xüsusi texniki vasitədən istifadə edildiyi qeyd edilmiş, lakin həmin texniki vasitənin tipi, modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt kimi məlumatlar, o cümlədən texniki vasitənin sertifikatı protokolda qeyd edilməmiş, nə də iş materiallarına əlavə edilməmişdir. Hansı ki, bu barədə tələblər İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində aşkar şəkildə təsbit olunmuşdur. Bütün bunlar isə təqdim edilmiş sübutların mötəbərliyini şübhə altına salır. Həmçinin, səs-küy normaları qanunvericilikdə göstərilən qaydada ölçülməmiş və yolverilən hədd düzgün qeyd edilməmişdir. Belə ki, sakinlərin şikayəti öz mənzillərində olarkən Şəxs supermarketinə, “SunLab” tibb müəssisəsinə, “Göygöl” kafesinə məxsus iri həcmli avadanlıqların (mərkəzi havalandımsa sisteminə aid qurğular, iri həcmli kondisonerlərin, çillerlərin və s.) səs-küyündən qaynaqlanan narahatçılıqla bağlı olmuşdur. Bununla əlaqədar, yoxlama da həmin sakinlərin mənzillərində aparılmalı idi. Lakin iş materiallarına əlavə olunmuş foto şəkillərdən göründüyü kimi idarənin əməkdaşları şikayətin daxil olduğu mənzilindən deyil, bilavasitə olaraq avadanlıqların yanından ölçmüşlər, bu hal da birbaşa qeyd edilən “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2009-cuil tarixli 52 №-li fərmanının tələblərinin pozulmasıdır. Sözügedən Fərmanın 2-ci maddəsində qeyd edilir ki, bu Fərmanın 1.1-1.3-cü bəndlərinə müvafiq olaraq binalarda (mənzillərdə), idarə, müəssisə və obyektlərin daxilində hüquqi və ya fiziki şəxsin müraciəti əsasında yalnız müraciət edənin binasında (mənzilində), idarə, müəssisə və obyektinin daxilində qanunvericiliyin tələbləri nəzərə alınmaqla vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsi müəyyən edilir, Qeyd edilən hal yoxlamanın doğru aparılmadığını, nəticələrin də məntiqi ardıcıllıq olaraq yanlış çıxdığına dəlalət edir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. İş üzrə materiallara əlavə edilmiş fotoşəkildə ölçmə cihazının göstəricisinin 59.2 dBA olduğu qeyd edilmiş, lakin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və xx.xx.2022-ci il tarixli monitorinq aktında xüsusi texniki vasitənin göstəricisinin 67.6 dBA olduğu qeyd edilmişdir. Göründüyü kimi təqdim edilmiş sübutlar (fotoşəkillər) inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. Monitorinq aktında həmçinin yanlış olaraq Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli 796 №-li Fərmanının 16-cı bəndində istinad edilərək, səs-küy səviyyəsi normasının 60 dBA olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli 796 №-li Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının 2.2-ci bəndinə əsasən, daimi olmayan səs-küyün normalaşdırılan parametrləri dBA ilə səsin ekvivalent enerjisi (L A.ckv ) və maksimal səviyyəsi (L A.maks )dır. Həmin Normalara əlavə edilmiş Cədvəl 1-in 13-cü bəndinə görə, yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdə gündüz vaxtı icazə verilən maksimal səs səviyyəsi 70 dBA-dır. Monitorinq aktında istinad edilən 16-cı bənddə isə mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatiar. ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarından söhbət gedir. Bu isə mağazanın yerləşdiyi şəraitə uyğun deyil. Belə ki, Şəxs supermarketi yaşayış binasının altında yerləşir, hər hansı meydançada yerləşmir. Həmin Cədvəl 1-in Qeydlər bölməsinin 2-ci bəndində göstərilir ki, xarici mənbələrin binalarda yaratdığı səs-küyün yolverilən səviyyələri binaların normativ ventilyası şəraitində (yaşayış binaları, palatalar, siniflərdə nəfəslik, xəfəng, ensiz pəncərə laylarının açıq olması) təyin edilir. Əlavə olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiofogiya Mərkəzi tərəfindən sakinlərin verdiyi şikayət qanunvericiliyə uyğun şəkildə araşdırılmış, şikayətçilərdən iki nəfərin bilavasitə mənzilində (57 nörməli binada mənzil 68, 59 nömrəli binada mənzil 137) səs-küy səviyyəsi xx.xx.2022-ci il tarixində ölçülmüş və xx.xx.2022-ci il tarixli məktuba əsasən normadan xeyli aşağı olduğu müəyyən edilmişdir. Həmin yoxlama ilə bağlı nəticələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinə səs və titrəmənin müayinə protokolu göndərilsə də, hazır ki ış üzrə materiallarda öz əksini tapmamışdır. Növbəti qayda pozuntusu olaraq qeyd etmək lazımdır ki, qanunla müəyyən edilmiş prosessual müddətlər pozularaq, ETSN yanında Milli Hidrometrologiya Xidməti əməkdaşları tərəfindən inzibati xəta hesab olunan əməl aşkar edildiyi gündən 19 gün sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. X5 Məcəlləsinin 101.1-ci maddəsinə görə, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli 0278 nömrəli monitorinq aktı və fotoşəkillərdən görünür ki, Şəxs mağazasında “PCE 322 A” cihazı vasitəsi ilə ölçmə işləri aparılmışdır. Ölçmə zamanı səs-küyün və vibrasiyanın ətraf mühit üçün yol verilən həddən artıq, yəni müvafiq olaraq 67.6 DBA və 68.1dB olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə görə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilmişdir. Həmin normaların 2.3-cü bəndinə əsasən nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1- də verilmişdir. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəlinin 13-cü qrafasında yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdə gündüz vaxtı maksimal səviyyə 70 dBA, gecə vaxtı 60 dBA müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, A.Mirqasımov küçəsində yerləşən Şəxs mağazasında iri həcmli kondisionerlər və havalandırma sisteminə aid qurğuların fəaliyyətdə olduğu müddətdə ətrafa yayılan vibrasiya və səs-küy çirklənməsinin tədqiqi məqsədilə keçirilmiş monitorinq zamanı həmin mağazanın ətrafa yaydığı səs küy səviyyəsinin isə 67,6 dBA təşkil etməsi müəyyən edilmişdir. Səlahiyyətli orqan Şəxs mağazasının yerləşdiyi ərazinin qeyd edilən cədvəlin 16-cı qrafasına aid olması barədə hər hansı sübut təqdim etməmiş, bu hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC-nin İXM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli (səs-küy ölçən cihaz PCE, 322 A) göstərilsə də, həmin xüsusi texniki vasitənin yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmçinin iş materiallarına əlavə edilmiş foto şəkillərdən ölçmə əməliyyatının hansı şəraitdə, hansı ünvanda, kimin iştirakı ilə aparılmasını, o cümlədən texniki vasitənin göstəricisinin məhz Şəxs mağazasına aid olmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Müvafiq Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 2.2-ci maddəsinə görə bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi planlı (növbəli) və ya plansız (növbədən kənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən iş materiallarına əlavə edilmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Monitorinq aktının hüquqi nəticəsi mövcud ola bilməz. Odur ki, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Hətta təqsir sübut edilsə belə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada yoxlama həyata keçirilmədiyindən hüquqi şəxs inzibati xəta üzrə məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2677/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2677/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver