Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2677/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı – X1, Zərər çəkmiş şəxs - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Salyan rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nəsimi RPİ-in 19-cu Polis Şöbəsində tərtib olunmuş iş materialları baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı – X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək göstərmişdir ki, vətəndaş X5 DİN-nin 102 xidmətinə məlumat verərək və Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək ünvan 2 ünvanda yerləşən «Xəzər» marketinə quraşdırmaq üçün işlənmiş vəziyyətdə aldığı «Samsung» markalı kondisioneri mağazanın qarşısına qoymuş, saat 19:55 radələrində həmin kondisioneri nəzarətsiz qoyaraq mağazaya daxil olmuş və təqribən 5 dəqiqə sonra geri qayıdarkən həmin kondisionerin daxildə quraşdırılan hissəsinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Aparılmış araşdırma nəticəsində həmin oğurluq hadisəsinin Şəxs tərəfindən törədilməsi müəyyən olunmuş. Təhqiqatçı tərəfindən faktla bağlı araşdırma aparılmış, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarda göstərilən oğurluq hadisəsini törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Daha sonra araşdırma ona həvalə olunmuş, Şəxs hüquq və vəzifələri izah olunmuş, onun əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta törətməsinə dair protokol tərtib olunmuşdur. Protokolu müdafiə edərək inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, bir daha belə işlərlə məşğul olmayacağına dair məhkəmə qarşısında söz verdiyini, zərərçəkmiş şəxsdən məhkəmə qarşısında üzr istədiyini, barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 bildirmişdir ki, hadisə həqiqətən də protokolu tərtib edən şəxsin dediyi kimi olub, o, ünvan 2 ünvanda yerləşən «Xəzər» marketini icarə əsasında işlədir. Həmin mağazaya quraşdırmaq üçün işlənmiş kondisioner alaraq onu ustanın gəlib quraşdırması üçün çöldə saxlamış, 5 dəqiqəlik mağazaya keçmişdir. Həmin an kondisionerin iç hissəsini oğurlanmışdır. Sonra müşahidə apararaq görmüşdür ki, həmin iç hissəsini aparan şəxs çöl hissəni də gəlib aparmışdır. Şəxs gəlib çöl hissəsini də götürəndə onu izləyərək bu barədə polisə məlumat vermişlər. Hal hazırda ona dəymiş ziyan ödənilməyibdir. Bu səbəbdən şikayətçidir. Həmin pulu tələb etmir sadəcə onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı – X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs vətəndaş X3 məxsus “Samsung” markalı kondisionerin daxili hissəsini oğurlayaraq ona 250 manat məbləğində maddi ziyan vurmuşdur. Nəticədə, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmiş, maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-in 32.1.1-ci maddəsi), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «11» iyul 2024-cü il tarixdən, saat 11:45-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2677/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2677/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver