Məhkəmə qərarları › İş №3(006)-2677/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2677/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2677/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:2A58WGK), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər DYPİ-nin baş inspektoru, polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:40-da idarə etdiyi “SKODA OCTAVİA MİNİK” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnallarından istifadə etməsi müəyyən edilmiş, bununla da Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş diskdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:40-da “SKODA OCTAVİA MİNİK” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili çoxavazlı səs siqnallarından istifadə etməklə idarə etmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış haqqında” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “SKODA OCTAVİA MİNİK” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən müvafiq icarə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalı ilə təchiz edilməsi aşkar olunmuşdur. İş materiallarında olan 29 mart 2025-ci il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi “SKODA OCTAVİA MİNİK” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş xüsusi (çoxavazlı) səs siqnalı Bakı şəhər BPİ DYPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, eyni zamanda inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs idarə etdiyi “SKODA OCTAVİA” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən götürülmüş, Bakı şəhər BPİ DYPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar