Məhkəmə qərarları › İş №3(006)-2682/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2682/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2682/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1970-ci ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zəngilan rayonu, Mincivan qəsəbə Ə/D, Mincivan qəsəbəsi, Nəsimi küçəsi ev 39-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1733/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, məcburi köçkündür, qaçqın düşdükləri gündən bəri ünvan 2 ünvanında məskunlaşmışlar. Onlar həmin ünvanda yaşasalar da, yaşadıqları yerin şəraiti yoxdur, məcburiyyət qarşısında qalaraq həmin ünvanda məskunlaşmışlar. Tələbkar həmin yeri özəlləşdirdikdən sonra onların həmin yeri tərk etmələrini tələb etmişdir. Onların isə getməyə başqa ünvanları yoxdur. ünvan 4r. Əgər onlara yaşamaq üçün yer verilərsə, onlar həmin yeri tərk etməyə hazırdırlar. Borc məsələsinə gəldikdə isə o, məcburi köçkün olduğuna görə ailəsini çətinliklə dolandırır. Bu səbəbdən də icra sənədini icra edə bilməmişdir. O, icra sənədinin icrasından yayınmır, sadəcə olaraq maddi imkanı olmadığı üçün icra sənədini icra edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1733/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X2, Şəxs, X1 və X3 iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin zəbt edilməsi nəticəsində əldə çıxmış faydaya görə 11166.43 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 11666.43 manat pul müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməli, borclular X2, Şəxs, X1 və X3 xx.xx.2021-ci ildən başlayaraq tələbkar Zərərçəkmiş şəxs mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini boşaldılana qədər hər ay üçün müştərək qaydada 973,81 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqi xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və könüllü icra olunması üçün borclulara göndərilmişdir. Tərəfindən bütün zəruri icra tədbirləri görülmüş, lakin borclular tərəfindən borc ödənilməmişdir. Halhazırda tələbkar borcun tam ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1733/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(034)- 27/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X2, Şəxs, X1 və X3 iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin zəbt edilməsi nəticəsində əldə çıxmış faydaya görə 11166.43 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 11666.43 manat pul müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, cvabdehlər X2, Şəxs, X1 və X3 xx.xx.2021-ci ildən başlayaraq tələbkar Zərərçəkmiş şəxs mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılana qədər hər ay üçün müştərək qaydada 973,81 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1733/2022 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən və qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, həmçinin səlahiyyətli orqan tərəfindən sistematik olaraq göstərilmiş pozuntulara malik olan anoloji xarakterli inzibati xəta haqqında protokolların tərtib edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqeyinin məntiqi davamı kimi aşağıdakıları protokol tərtib etmiş orqanın diqqətinə çatdırmağı zəruri hesab edir: - Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarı); - Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir («Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar