Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2693/2022 29.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2 vəkili və nümayəndəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X3, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, 999-cu məhəllə, X6 küçəsi 12D ünvanında daşınmaz əmlak almış, daşınmaz əmlaka müvafiq dövlət qurumu tərəfindən 2015-ci il tarixində, RX seriyalı ******* №-li xüsusi mülkiyyətə dair ona çıxarış verilmişdir. Daşınmaz əmlakı əldə etdiyi zaman torpaq sahəsinin ərazisi çəpərlənmişdir və sahənin daxilində yaşayış üçün nəzərdə tutulmuş köhnə tikili də olmuşdur. Xüsusi mülkiyyətinin ərazisində uzun müddətdir baxımsız qaldığına görə quruyan 1 (bir) ədəd ağac kəsilmişdir. Ağac həyətyanı ərazidə yerləşən tikiliyə zərər verə biləcəyi təhlükəsinin qarşısının alınması məqsədi ilə kəsilmişdir. Ağacın kəsilməsinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbehin verilməsi haqqında 13 iyun 2022 ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. İnzibati tənbehin verilməsi üçün inzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə istinad olunmuşdur. Ağacın yerləşdiyi ərazi onun xüsusi mülkiyyəti hesab olunduğuna görə, həmin ərazidə yerləşən tikili, qurğu, ağac, kol və ya yaşıllıq ərazisi onun mülkiyyəti hesab edilir. Ona görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbehin verilməsi haqqında 13 iyun 2022-ci il tarixli, MN ******* nömrəli qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. İnzibati xətanın verilməsi üçün istinad olunmuş İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində “şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə sanksiya qeyd olunur). Normanın mətnindən aydın olunar ki, yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən ağac və ya kol əkillərin kəsilməsi qadağan edilir. Burda “yaşıllıq” dedikdə bir neçə ağacın və ya kol bitkisinin olduğu sahə nəzərdə tutulur. Həmçinin, maddəyə görə cəza, ağac və ya kol bitkisinin tikinti və abadlaşdırma işləri aparılarkən məhv edilməsi və ya kəsilməsinə görə təyin oluna bilər. Həmçinin bildirmişdir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsində ağac və ya kollardan ibarət yaşıllıq sahəsi yoxdur və ona məxsus torpaq sahəsində hər hansı bir tikinti və abadlaşdırma işləri aparılmır. Ağac həyətyanı ərazidə yerləşən tikiliyə zərər verə biləcəyi təhlükəsinin qarşısının alınması məqsədi ilə kəsilmişdir. Eyni əmələ görə ictimai təhlükəlifyi və cəzası daha ağır nəzərdə tutulmuş Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsinin qeyd hissəsinə görə “qanunsuz ağac kəsmə” əməli “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir”. Hesab edir ki, “inzibati tənbehin verilməsi haqqında” qərarda göstərilmiş İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi də xüsusi mülkiyyətdə olan ağac və ya kol əkililərinin kəsilməsinə şamil edilə bilməz və belə əməli tənzimləmir və qadağan da etmir. Göstərilənləri nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı protokol əsasında qəbul olunmuş 13 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin vəkili və nümayəndəsi Y.A.Hacızadə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, şikayətçi tərəfindən həmin ərazi 2015-ci il tarixdə rəsmi çıxarışla alınmışdır. Həmin ərazinin ümumi ölçüsü 185 kvadrat metrdir. Həmin ərazidə yaşıllıq sahəsi olmamış və abadlaşdırma işləri də aparılmamışdır. Orada sadəcə qurumuş ağaclar olmuş, bu da tikintiyə zərər yetirdiyindən kəsilmişdir. Həmçinin həmin ərazi G.F.Ağamalının xüsusi mülkiyyətindədir. Buna görə başlanılmış inzibati icraata xitam verilməlidir. Şikayətçi barəsində tətbiq edilmiş maddəyə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin onlar tərəfindən həmin ərazidə heç bir yaşıllaşdırma və abadlıq işləri aparılmamışdır. Həmçinin əgər həmin ərazi G.F.Ağamalının xüsusi mülkiyyətində olmasaydı onun ətrafını hasarlamağa icazə verilməzdi. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi C.Q.Bəşirov şikayətlə razılaşmayaraq bildirmişdir ki, qərarda göstərilən ərazidə qanunsuz və icazəsiz ağacın kəsilməsi ilə əməkdaşlar tərəfindən monitorinq aparılmış, yoxlama nəticəsində ağacın kökündən çıxarılaraq məhv edilməsi aşkar edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Belə ki, şikayətçi tərəfindən kəsilən ağacın qurumuş olması qeyd edilsə də, həmin ağac kəsilərkən quru olmamışdır. Həmçinin, ərazidə tikinti materialları olmuş, buna əsasən də tikintiyə hazırlıq işlərinin görülməsi ilə bağlı aktda qeyd edilmişdir. Bundan başqa, o, bildirmişdir ki, xüsusi mülkiyyət olsa belə xüsusi razılıq olandan sonra həmin hərəkətlər olunmalıdır. Göstərilənləri nəzərə alaraq şikayətin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inizbati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Nəsimi rayonu, 999-cu məhəllə, X6 küçəsi 12 D ünvanında 01 (bir) ədəd şam ağacının kökündən çıxarılaraq məhv edilməsi aşkar edilmiş, nəticədə G.F.Ağamalı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nəsimi rayonu, 999-cu məhəllə, Ak.Həsən Əliyev küçəsi 12 D ünvanında 01 (bir) ədəd şam ağacının kökündən çıxarılaraq məhv edilməsi aşkar edilmiş, buna görə də həmin ərazinin xüsusi mülkiyyətçisi G.F.Ağamalı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.200 (iki min iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 999-cu məhəllə, X6 küçəsi, 12 D ünvanının sahəsi 234,7 m2-dir və qeyri-yaşayış binasının tərkibindədir. Həmin ünvan G.F.Ağamalının xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 68122 saylı aktın surətindən görünür ki, 27-31 may 2022-ci il tarixlərdə Bakı şəhəri, Nəsimi rayonu, 999-cu məhəllə, X6 küçəsi, 12 D ünvanında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən monitorinq keçirilmiş, monitorinq zamanı G.F.Ağamalının xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə hazırlıq işlərinin aparıldığı və tikintinin yaxınlığındakı 01 ədəd şam ağacının (köküstə yaş halda olan şam ağacı) fiziki şəxs G.F.Ağamalı tərəfindən torpaqdan kökündən çıxarılaraq məhv olunduğu müəyyən edilmiş, bununla da G.F.Ağamalı tərəfindən Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 7; 11-ci maddələrinin və Yaşıllıqların götürülməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2016cı il tarixli, 321 saylı Qərarının pozulduğu və nəticədə inzibati xəta törədildiyi məlum olmuşdur. Əraziyə baxış keçirilərkən sözügedən şam ağacı kökündən, torpaqdan çıxarıldığından ağacın diametrini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, ünvan 4 ünvanına tikinti işləri aparılması üçün ləvazimatlar yerləşdirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, fiziki şəxs G.F.Ağamalının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 999-cu məhəllə, X6 küçəsi, 12 D ünvanında yerləşən ərazidə tikinti və abadlaşdırma işləri aparılarkən 01 ədəd şam ağacının qanunsuz olaraq olaraq məhv edilməsi aşkar edilmiş və nəticədə G.F.Ağamalının barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək sonuncu həmin maddə ilə təqsirli bilinərək 2.200 (iki min iki yüz) manat məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş aktda , ünvan 4 ünvanına yerləşən həyətyanı sahədə olan 01 ədəd şam ağacının (köküstə yaş halda olan şam ağacı) məhv edilmişdir. Bununla da, Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun müddəaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 3cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, G.F.Ağamalı xüsusi mülkiyyətində olan Nəsimi rayonu, 999-cu məhəllə, X6 küçəsi 12 D ünvanında yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri apararkən 01 ədəd şam ağacının məhv edilməsi aşkar edilmiş və bu səbəbdən də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin tələbinin pozulmasına dair Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan G.F.Ağamalının verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2693/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2693/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver