Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-270/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 qızının katibliyi, şikayətçi X1 iştirakları ilə, Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində my.gov.az dövlət portalında adında İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə ******* nömrəli cərimənin olması barədə məlumata rast gəlmiş, portalda olan məlumata görə həmin cərimə ona xx.xx.2020-ci il tarixində yazılıb, lakin bildirir ki, həmin tarixdə ona heç bir polis nəfəri yaxınlaşmamış, şəxsiyyət vəsiqəsi və ya digər eyniləşdirmə məlumatları sorğulanmamışdır. Bundan əlavə, cərimə yazılması barədə ona heç bir qərar və ya hərhansı bildiriş ünvanlanmamışdır. Məsələ ilə əlaqədar olaraq, hadisənin araşdırılması məqsədilə müvafiq olaraq Azərbaycan Respublikasının DİN-nin e-müraciət sisteminə xx.xx.2020-ci il tarixində müraciət etmiş, müraciətinin 001-71848H-4120 nömrəsi ilə qeydiyyata alınması barədə sms-bildirişdən başqa araşdırmanın aparılması və ya nəticəsi barədə heç bir məlumat ala bilməmişdir. Əksinə, sorğularının cavabsız qalması və polis orqanlarının süründürməçilik yolu ilə müraciətinə baxılmasını uzatmağa çalışmalarına rast gəlmiş, belə olan halda inzibati tənbeh vermə haqqında qərarın nüsxəsinin əldə edilməsi məqsədilə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət etmiş və yalnız xx.xx.2020-ci il tarixində həmin qərarı sahə inspektoru Q.D.Bəşirlidən təhvil almışdır. Qərarda göstərilən məlumata əsasən xx.xx.2020-ci il tarixində, saat 15:26 radələrində “Kubirika”da yerləşən “Araz” marketdə tibbi maskadan istifadə etməsinə görə İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Lakin, qeyd edilən vaxtda “Araz” marketdə olmadığı bir daha vurğulamaq və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 189 nömrəli Qərarına uyğun olaraq qapalı məkanlarda və ticarət obyektlərində fərdi qoruyucu vasitələrdən istifadə etmişdir. Həmçinin, ticarət obyektlərinin müdriyyəti tərəfindən fərdi qoruyucu vasitəsi olmadan həmin obyektlərə daxil olma qadağan edilir və onun tibbi maska olmadan orada olması mümkünsüzdür. Bundan əlavə, həm yuxarıda qeyd etdiyi inzibati tənbeh vermə haqqında qərarın, həm də inzibati xəta haqqında MN ******* saylı protokolun imza hissəsində onun yerinə imza atılmış, sənədlərlə tanış olması barədə qeyd aparılmışdır. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsinin 2, 3 və 4-cü bəndləri pozulmuşdur. Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı, sahə inspektoru Q.D.Bəşirli tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul ediməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi H.S.Hadıyev ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, həmin gün evindən heç bir yerə getməmiş, onun barəsində əsassız olaraq və heç bir məlumatı olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa, həmin protokolla tanış olmaq, ona qeyd aparmaq hüququndan məhrum edilməklə protokolu tərtib etmiş şəxs tərəfindən barəsində inzibati icraat aparılan şəxsin imzası hissəsinə imza edilmişdir. Yuxarıdakılara əsasən şikayətin əsaslı olduğunu bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-nin 21-ci PB-nə lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan H.S.Hadıyevin barəsində Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında həmin tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, H.S.Hadıyevin barəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verməsi ilə bağlı polis əməkdaşı tərəfindən MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, H.S.Hadıyevin barəsində Nəsimi RPİnin 21-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında həmin tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar sonuncunun evdə olmasına baxmayaraq onun barəsində əsassız olaraq protokol qəbul edilmiş, həmin protokolda şəxsin hüquq və vəziflərinin izah edilməsi hissəsinə vətəndaş H.S.Hadıyev deyil protokol tərtib etmiş şəxs imza etmişdir. Bununla da, H.S.Hadıyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Bundan əlavə, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Həmçinin, inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və H.S.Hadıyevin barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin 21-ci PB-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 21ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-270/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-270/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver