Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2702/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə inspektoru X2 iştirakları ilə, xx xxx 1974-cü ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi, döngə 5 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 23 aprel 2025-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları və Mirqasımov küçələrinin kəsişməsində nalayiq ifadələr işlətməklə ictimai asayişi pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə inspektoru X4 verdiyi izahatında bildirdi ki, 23 aprel 2025-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları və Mirqasımov küçələrinin kəsişməsində yol patrul xidməti əməkdaşları tərəfindən hərəkətdə olan “X9” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və həmin avtomobilin sürücüsü qayda pozuntusunun videogörüntüsünün təqdim edilməsini tələb etmişdir. Həmin vaxt yol patrul xidməti əməkdaşı ilə sürücü Şəxs arasında anlaşılmazlıq yaranmış və nəticədə hadisə yerinə gəlmiş digər polis əməkdaşları sonuncunu polis şöbəsinə aparmışlar. Şəxs izahatında yol patrul xidməti əməkdaşının avtomobilin qapısına zərbə vurmaqla həmin qapını ona doğru yönəltdiyini bildirmiş, yol patrul xidməti əməkdaşı isə Şəxs tərəfindən onun ünvanına nalayiq ifadələr işlədilməsi və qanuni tələblərinə əməl etməməsini bildirmişdir. Şöbədə aparılan ilkin araşdırma zamanı Şəxs şəxsiyyəti tam olaraq müəyyən olunmuşdur. Bundan sonra Şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, o, 23 aprel 2025-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları və Mirqasımov küçələrinin kəsişməsində “X9” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt sonradan adını öyrəndiyi Təbriz Ağayev adlı əməkdaş ona yol hərəkəti qaydasını pozmasını bildirmişdir. O həmin vaxt qayda pozuntusu törətmədiyini bildirmiş və videogörüntünün ona göstərilməsini tələb etmişdir. Təbriz Ağayev ona öz şəxsi telefonu ilə çəkilmiş videogörüntünü avtomobilə əyləşərək göstərmiş, o da şəxsi telefonla çəkilmiş videogörüntünün deyil, məhz dövlət tərəfindən onlara verilmiş monitordan videogörüntünün təqdim edilməsini tələb etmişdir. Bundan sonra, yol-patrul xidməti əməkdaşı ayaq zərbəsi ilə qapıya doğru zərbə endirmiş və həmin zərbə ona yanında olan şəxs dostu Hacıağa Hüseynova toxunmuşdur. Yol-patrul xidməti əməkdaşının özbaşınalığını gördükdən sonra o da sadə vətəndaş olaraq qeyd olunan hərəkətlərə dözməyərək yol-patrul xidməti əməkdaşı ilə mübahisə yaşamış və aralarında qarşılıqlı nalayiq ifadələr işlədilmişdir. Sonradan hadisə yerinə digər polis əməkdaşları və ətrafda olan digər şəxslər gəlmiş və o könüllü olaraq polis şöbəsinə getmişdir. İzahatının sonunda tərəfindən heç bir inzibati xəta törədilmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X1 izahat verərək göstərdi ki, o, 23 aprel 2025-ci il tarixdə saat 14:30 radələrində xidmət yoldaşı Təbriz Ağayev tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları və Mirqasımov küçələrinin kəsişməsində “X9” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən saxlanılmış və həmin vaxt sonradan adını öyrəndiyi Şəxsla Təbriz Ağayev arasında mübahisə yaranmışdır. O hadisə yerinə gəldikdən sonra tərəfləri sakitləşdirməyə çalışmışdır. Hadisənin hansı səbəbdən baş verməsini tam olaraq görməsə də, 12 ildir xidməti vəzifələrini layiqincə yerinə yetirən Təbriz Ağayevin əsəbi olmasını sürücü Şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən yarandığını ehtimal edir. Belə ki, Şəxs Təbriz Ağayevin ünvanına “Başını kəsərəm”, “Poqonunu sökərəm” və digər təhdidi ehtiva edən ifadələr işlətmişdir. Təbriz Ağayev öz xidməti fəaliyyətini layiqincə yerinə yetirən əməkdaş olduğundan sonuncu tərəfindən vətəndaşa avomobilin qapısına ayaq zərbəsi ilə zərbə vurmaqla xəsarət yetirməsini inandırıcı hesab etmir. Daha sonra Şəxs saxlanılaraq 20-ci Polis Şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək göstərdi ki, o, 23 aprel 2025-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları və Mirqasımov küçələrinin kəsişməsində dostu Şəxs idarə etdiyi “X9” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobildə o da sərnişin qismində əyləşmişdir. Həmin vaxt hərəkətdə olan avtomobil öncə piyadalara yol vermiş, daha sonra hərəkətə davam etmişdir. Bundan sonra yol-patrul xidməti əməkdaşı tərəfindən Şəxs idarə etdiyi avtomobil saxlanılmış və sonuncuya polis əməkdaşı tərəfindən qayda pozuntusunun törədilməsi barədə məlumat verilmişdir. Şəxs qayda pozuntusu törətmədiyini bildirmiş və ona videogötüntünün təqim edilməsini xahiş etmişdir. Bundan sonra yol-patrul xidməti əməkdaşı xidməti avtomobilinə doğru hərəkət etmiş və videogörüntünü şəxsi telefonunda təqdim etmək istəmişdir. Lakin Şəxs etiraz edərək şəxsi telefonda deyil, məhz dövlət tərəfindən verilmiş monitorda ona videogörüntünün təqdim edilməsini tələb etmişdir. Həmin vaxt yol-patrul xidməti əməkdaşı əsəbləşərək avtomobilin qapısına ayaqla zərbə endirmiş və həmin qapı ona və yanında olan dostuna dəymişdir. Bundan sonra Şəxs özbaşınalığa etiraz edərək yol-patrul xidməti əməkdaşına etiraz etmiş və mübahisə yaranmışdır. Mübahisə zamanı ətrafda olan digər şəxslər də hadisə yerinə gəlmiş və onları sakitləşdirməyə çalışmışdır. Lakin yol-patrul xidməti əməkdaşı və Şəxs qarşılıqlı olaraq bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də, toplanmış sübutlarla öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs ilk dəfə məsuliyyətə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmədə Şəxs barəsində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2702/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2702/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver