Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2703/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 41, mənzil 42; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən ünvan 2 ünvanında yerləşən Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərti tətbiq edilmiş, bununla da Cəmiyyət tərəfindən İXM-in 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, vətəndaşın şikayəti əsasında tərəflərindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən göstərilən xidmətə dair verilən qəbzdə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərti tətbiq edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 tərtib olunmuş protokola etiraz edərək bildirmişdir ki, mübahisələndirilən ödəniş qəbzində istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtinin tətbiqinə yol verilməmişdir. Belə ki, qeyd olunan qəbzdə Şəxs MMC göstərdiyi xidmətin dəyərinə uyğun olaraq və Mülki Məcəllədə təsbit olunmuş müqavilə azadlığı prinsipini rəhbər tutaraq öz məsuliyyətini limitləmişdir. Ona Şəxs MMC tərəfindən zərər dəydiyini iddia edən istənilən şəxs vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 15 iyun 2022-ci il tarixdə Şəxs MMC tərəfindən göstərilən xidmətə dair verilən qəbzdə istehlakçının hüququnun məhdudlaşdırılması şərti aşkar edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, “xahiş olunur sifarişlərinizi götürəndə yoxlayasınız. Sonradan hər hansı bir şikayətlə geri qaytarılan sifarişlər sistemdə yenidən qeydiyyata alınacaq. 30 gün ərzində təslim alınmayan mallara görə firmamız cavabehlik daşımır. Quru təmizləmə proseduru həyata keçirildikdən sonra əgər ləkə və ya kir təmizlənmədisə də ödəniş olunmalıdır, çünki ödəniş prosedurların həyata keçirilməsi üçündür, malı yeniləmək üçün deyildir. Malın üzərində təlimata uyğun işləm görüldükdə mala dəymiş zərərlərə qarşı və malın üzərində təmizləmə əsnasında düşə biləcək aksessuarlara görə, malın üzərindəki aksessuarların düymələrinin rənginin dəyişməsinə görə firmamız cavabdehlik daşımır. Dəri mallara heç bir şəkildə zəmanət verilmir. Təlimatdan kənar hər hansı bir işləm görüldükdə mala dəymiş zərərə qarşılıq malın təmizlənmə qiymətinin maksimum 5 misli qədər ödəniş şirkət tərəfindən ödənilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunvericiliyin prinsiplərindən biri müqavilə azadlığıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, vətəndaşın şikayəti ilə bağlı inzibati orqan qismində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların hüquqlarının pozuntusunun qarşısını almaq məqsədilə preventiv tədbir olaraq "Şəxs MMC-yə tələbnamə göndərməli olduğu halda bu barədə Cəmiyyətə hər hansı tələbnamə daxil olmamışdır. Halbuki, Xidmətin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinin 3.0.23 və 3.0.24-cü bəndlərinin tələbinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati tənbeh tədbiri tətbiq etməzdən əvvəl "istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinin qarşısının alınması ilə bağlı tədbirlər görmək, xüsusilə istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında yazılı tələbnamə (göstəriş) vermək" vəzifəsi vardır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Agna» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2703/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2703/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver