Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2708/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Biləsuvar rayonu, Biləsuvar şəhəri, Heydər Əliyev prospekti, PMK 19 ünvanında qeydiyyatda olan Şəxs barəsində Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:05 radələrində H.Əliyev parkında PPXB-nin əməkdaşına tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları R.Həmidli və S.İmanov xidmətdə olarkən 22-ci PŞ-nin inzibati ərazisində saat 09:05 radələrində H.Əliyev parkında Füzuli küçəsi istiqamətində iki nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq oturacaqda bir nəfər şəxsin uzanaraq qeyri-etik hərəkətlər etdiyini bildirmiş, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək durub oturmasını bildirmiş, bu zaman həmin şəxs oranın park olduğunu və istədiyi kimi istirahət edəcəyini bildirmiş, onlar şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs ətrafda olan insanları cəlb etmək üçün uca səslə polisin şərəf və ləyaqətini təhqir etməyə başlamış, onlar həmin şəxsi polisin qanuni tələbinə tabe olmağa və nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələbinə tabe olmamış və öz əməllərinə davam etmişdir. Polis əməkdaşları həmin şəxsi qaldıran zaman o, əli ilə polis əməkdaşı Seymur İmanovun üz nahiyəsinə zərbə endirərək burnuna xəsarət yetirmiş və sonuncunun burnundan qan açılmışdır. Bundan sonra onlar həmin şəxsi avtopatrul maşınına əyləşdirərək növbətçi hissəyə təhvil vermişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixində səhər saat 09:05 radələrində H.Əliyev parkında skamyada uzanıb kitab oxuyan zaman polis əməkdaşları ona yaxınlaşaraq durub oturmasını tələb etmiş, bu zaman o, polis əməkdaşlarına məhəl qoymamış, polis əməkdaşları onu qaldıran zaman əli onlardan birinin burnuna dəymiş və burnundan qan açılmışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X5 izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 09:05 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı R.Həmidli ilə xidmətdə olarkən iki nəfər şəxs onlara yaxınlaşaraq bir nəfər şəxsin parkda skamyada uzanaraq qeyri-etik hərəkətlər etdiyini bildirmiş, onlar həmin şəxsə yaxınlaşanda onun skamyada uzanaraq kitab oxuduğunu görmüş, ondan durub oturmasını tələb etdikdə sonuncu onların tələbinə tabe olmamış və onlarla mübahisə etməyə başlamışdır. Onlar həmin şəxsi skamyadan qaldıran zaman sonuncunun əli onun burnuna dəymiş və burnundan qan açılmışdır. Bundan sonra onlar həmin şəxsi avtopatrul maşınına əyləşdirərək növbətçi hissəyə təhvil vermişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Zeynalov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2708/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2708/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver