Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2718/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, X3 iclas katibliyi, X2 və qərarından şikayət verilən orqanın nümayəndəsi X6 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Bakı şəhər BPİ DYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun əsasında qəbul edilmiş TP ******* saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində idarə etdiyi “Nissan Patrol” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Moskva prospekti ilə hərəkət edən zaman DYP müfəttişi (sonradan adını bildiyi X11) tərəfindən saxlanılmışdır. Yol Patrol xidməti əməkdaşı avtomobilinin baqajına irad bildirmiş, İXM 342.2.2-ci maddəsi ilə cərimə meydançasına getməli olduğunu israr etmiş, cərimə meydançasına çatdığı zaman protokolu tələb etsə də, Bakı şəhər BPİ DYPİ-də 28-ci otağa yaxınlaşmalı olduğunu bildirmişdir. 14 aprel tarixində həmin otağa yaxınlaşdıqda ona geri tarixə yəni 12 aprel 2025-ci il tarixə İXP ******* nömrəli protokol tərtib etmişlər. ASAN PAY-dən ona gələn mesaj bunu təsdiq edir. O da DİN-nin 102 xidmətinə zəng edərək bu qanunsuzluq barədə bildirmişdir. 23 aprel 2025-ci ildə isə ona mesaj gələrək TP ******* nömrəli qərar qəbul edildiyi və 135 manat cərimə ödəməli olunduğu bildirilmişdir. Qərarla razı deyil, qanunsuz və əsassız qərarın ləğv edilməsini istəyir. Öncə bildirir ki, onun əməlində inzibati xəta tərkibi mövcud deyil. İXM-nin 342.2.2-ci maddəsi normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə nəzərdə tutur. Yol polisi tərəfindən mütəxəssis rəyi olmadan baqajın kustar üsulla hazırlanması iddia edilir. Avtomaşında heç bir konstruksiya dəyişikliyi etmədiyi halda barəsində qanunsuz qərar qəbul edilmişdir. Yol hərəkəti haqqında qanuna 1 saylı əlavənin hansı müddəasının pozulduğuna aydınlıq gətirilməmişdir. 12 aprel tarixində saxlanıldığı və cərimə duracağına aparıldığı halda protokolun 14 apreldə tərtib edilməsi qanuna ziddir. Yol Patrol əməkdaşı normativ tələbləri pozan avadanlığın quraşdırılması və ya dəyişdirilməsi halını aşkar edən zaman sürücü barəsində dərhal protokol tərtib etməlidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Qanunsuz tərtib olunmuş protokola əsasən avtomobili xx.xx.2025-ci il tarixindən DYPİ-in duracağına yerləşdirilmişdir. AR İXM-in 96.1.5-ci maddəsinin bəndinə nəzər saldıqda aydın olur ki, İXM-in 342.2.2-ci maddəsinə görə DYP müfəttişinin onu avtomobilini idarə etməkdən kənarlaşdırması və avtomobilini duracağa yerləşdirməsi tamamilə qanuna ziddir, tərəfindən avtomaşının texniki vəziyyətinə dair heç bir tələbin pozuntusuna yol verilməmişdir. Nəzərə alınmalıdır ki, xx.xx.2024-cü ildə avtomaşın texniki baxışdan keçmişdir və heç bir nasazlıq aşkar edilməmiş və ya irad bildirilməmişdir. Qeyd olunanlara əsaslanaraq xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun əsasında TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X2 barəsində qəbul edilmiş qərarın qanunsuz olunduğunu, yəni hadisədən iki gün sonra tərtib edilmiş protokol əsasında qəbul edildiyini, “led” işıqlarını ictimai yerdə açmadığını, texniki baxışdan keçərkən ona avtomobilinə görə hər hansı irad bildirilmədiyini qeyd edərək şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X8 çıxış edərək bildirdi ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, həmin avtomobildə sadə işıqlardan istifadə edilməli olsa da, led işıqlardan istifadə edilmişdir. Bundan əlavə, şikayətçi tərəfindən heç bir icazə olmadan avtomobilin üst hissəsinə yük yeri quraşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin İXP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən X5 xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində “Nissan Patrol” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Moskva propektində nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin protokol əsasında TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdirr. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1993-cü il buraxılışlı “Nissan Patrol” minik markalı avtomobillərin fənər işıqlarının zavod üsulu ilə istehsal olunmuş versiyasında sadə sarı işıqlar nəzərdə tutulmuşdur. Beləliklə, şikayətçi tərəfindən avtomobilə led işıqların quraşdırılması normativ tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2718/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2718/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver