Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2721/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin vəkili “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-in) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 04 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, eyni tarixli MN seriyalı ******* nömrəli qərardadı ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Şəxs QSC-nin vəkili Nümayəndə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2024cü il tarixli, MN №1933150 saylı inzibati xəta haqqında protokol ilə Şəxs QSC tərəfindən vətəndaşlar X1, X2 xx.xx.2024-cü il tarixindən X3 xx.xx.2024-cü il tarixindən hazırkı dövrədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi iddia edilmiş və İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilərək işin baxılması və qərarın qəbul edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN №1933150 nömrəli inzibati tənbeh vermə haqqında qərarının əsassız və qanunsuz olduğu sübuta yetirilir, inzibati iş üzrə icraata xitam verilməlidir. Şəxs QSC tikinti şirkəti kimi fəaliyyət göstərməklə, Qarabağ ərazisində bir neçə tikinti layihəsini də həyata keçirməkdədir. İnzibati tənbeh vermə haqqında qərarda adı çəkilən vətəndaşlar - X4, X6, X8 Şəxs QSC ilə əmək müqaviləsi bağlamaq niyyətində olmuşlar. Şirkətlə əmək müqaviləsi bağlamazdan əvvəl əmək funksiyalarını realizə edəcəkləri əmək şəraiti ilə yerində tanış olmalı idilər. Bu məqsədlə, onlar üçün www.yolumuzqarabaga.az portalından hər hansı bir digər statusla icazənin alınması mümkün olmadığından və ən uyğun statusun “işçi” statusu olduğundan həmin status ilə Qarabağ zonasına gedişləri üçün icazə alınmışdır. Lakin, həmin şəxslərdən biri əmək şəraiti ilə tanış olmaq məqsədilə Qarabağ ərazisinə getsə də, digər iki şəxs icazədən ümumiyyətlə istifadə etməmiş, digər biri isə əmək şəraiti ilə tanış olduqdan və göstəriləcək xidmətin həyata keçirilməsi mümkün olmadığından əmək müqaviləsi imzalamaqdan imtina etmişdir. Göründüyü kimi, sözügedən icazə ilkin olaraq həmin şəxslərin hər hansı işlərin yerinə yetirilməsi üçün cəlb edilməsi ilə bağlı deyil, sadəcə olaraq həmin ərazidə işəgötürən kimi Şəxs QSC tərəfindən təmin ediləcək əmək şəraiti ilə tanış olmaq məqsədi daşımışdır. İİ. İnzibati xətanın törədilməsi iddiasının əsassızlığı ilə bağlı. X7 Xidməti protokolu tərtib edərkən əsas olaraq yalnız Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna girişin informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar qeyd edilmişdir. Nəzərə alınmalıdır ki. həmin məlumatlar özlüyündə həmin şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyini sübut etməməkdədir. Həmçinin, həmin informasiya portalında icazənin olması ilə birlikdə şəxslərin işğaldan azad olunmuş ərazilərə giriş tarixi də əks olunmaqdadır. Yuxarıda qeyd edildiyi kimi, protokolda qeyd edilmiş iki şəxsin ümumiyyətlə alınmış icazədən istifadə etmədiyi, həmin ərazilərə daxil olmadığı sistemdə olan məlumatlardan da öz təsdiqini tapsa da X7 Xidməti tərəfindən nəzərə alınmamışdır. Digər bir şəxsin isə həmin icazəyə sahib olması, həmin icazə ilə işğaldan azad edilmiş ərazilərə daxil olması İXM 192.1-ci maddəsində nəzərdə tutulmuş pozuntunun törədilməsini təsdiq etməməkdədir. Belə ki, həmin maddənin tərkibinin yaranması üçün şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməlidir. Lakin, protokolda nəzərdə tutulmuş şəxs həmin icazədən yalnız əmək şəraiti ilə yerində tanış olmaq üçün istifadə etmişdir. Əmək şəraiti ilə yerində tanış olduqdan sonra isə aralarımda razılığın əldə edilməsi mümkün olmamışdır. Məlum olduğu kimi, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əmək qanunvericiliyində təsbit olunmuş əsas hüququ hesab olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş qaydaları ilə bağlı hər hansı pozuntunun olması halı mövcud olsa belə, bunun İXM-nin 192.1-ci maddəsinin tələbləri ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Yəni, işçinin müqavilə olmadan əmək fəaliyyətinə cəlb edilməsi halı olmadığı və ya sübuta yetirilmədiyi hallarda inzibati məsuliyyətdən söhbət belə gedə bilməz. Qeyd edilməlidir ki, iş materiallarında X4, X6, X3 müəyyən işlərin yerinə yetirilməsinə dair hər hansı sübut mövcud deyildir. Belə ki, İXM-nin 192.1-ci maddəsinin tələbindən görünür ki, həmin şəxslər işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməli idi. X7 isə həmin şəxslərin orada əmək fəaliyyəti ilə məşğul olduqlarını müvafiq formada təsdiq edən hər hansı akt tərtib etməli idi ki, inzibati məsuliyyət yaransın. Portaldan qeydiyyatdan keçmək isə həmin şəxslərin əmək fəaliyyətinə cəlb olunduğu kimi qiymətləndirilə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, bu tip pozuntular təcrübədə X7 Xidmətinin yoxlama qrupunun iş yerində aparılan yoxlamalar nəticəsində müəyyən edilməkdədir. İnformasiya portalında icazənin olması həmin pozuntunun olmasının müəyyən edilməsi üçün yetərli sübut deyildir və sübutetmə yükü barəsində inzibati icraat aparılan şəxsin deyil, inzibati orqanın üzərindədir. Yuxarıda qeyd edilənlərə əsasən, xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 protokolun məzmununa uyğun çıxış edərək Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin vəkili “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə izahatında göstərmişdir ki, vəsatətin məzmununa uyğun çıxış edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 04 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, «Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş» informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, Şəxs işğaldan azad olunmuş ərazilərə iş icazəsi aldığı şəxs X4, X6, X3 Nazirliyin «Əmək və məşğulluq» sistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, həmin şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Şəxs QSC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs QSC-nin təqsirliliyini təsdiq etmir, həmin sübutlar sübutetmə predmetinə daxil olan bütün halların sübuta yetirilməsi üçün kifayət etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan mötəbər sübutlara istinad etməyərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi tərkibinin yaranması üçün şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməlidir. Sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əmək qanunvericiliyində təsbit olunmuş əsas hüququ hesab olunur. İşçi əvvəlcə əmək şəraiti ilə tanış olmalı, daha sonra əmək müqaviləsinin bağlayıb-bağlamamaq barədə qərara gəlməlidir. Əmək müqaviləsi bağlamazdan əvvəl protokolda göstərilən şəxslərin əmək şəraiti ilə yaxından tanış olmaq məqsədilə icazə üçün elektron müraciət etməsi əmək münasibətlərinə daxil olma əsası kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə “fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs QSC barəsində əsassız olaraq “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul etmişdir. Odur ki, Şəxs QSC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs QSC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş hallar məhkəmədə Şəxs QSC-nin inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs QSC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 04 iyul 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 04 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2721/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2721/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver