Məhkəmə qərarları › İş №3(006)-2724/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2724/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2724/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin sahə inspektoru, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiala görə Şəxs xx.xx.2022-ci il tarixdə Zabitlər parkında yerləşən dayanacaqda “qadağandır” yol nişanını oğurlayaraq, xırda talama inzibati xətasını törətmişdir. Bakı şəhər Nəsimi RPİ-nin 21-ci PB-nin sahə inspektoru, polis mayoru X2 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə “qadağandır” yol nişanını oğurlamış, sabahı gün, səhər saatlarında bölməyə gətirərək təhvil vermişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, atası və anası vəfat etdiyindən hazırda bibisi ilə birlikdə qalır. O, xx.xx.2022-ci il tarixdə Zabitlər parkında yerləşən dayanacaqda nəzarətçi işləyir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında evə gedərkən yolun kənarında “qadağandır” yol nişanının quraşdırıldığı dirəyin qırılaraq yola düşdüyünü görmüşdür. Dirəyin oğurlanacağını düşünüb onu götürmüş və yaşadığı evə aparmış, sabahı gün saat 10 radələrində Nəsimi RPİ-nin 21-ci PB-nə apararaq polis əməkdaşlarına təhvil vermişdir. “Qadağandır” yol nişanının quraşdırıldığı dirəyi oğurlamaq niyyəti olmamışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü və 53.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar