Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2724/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Əbdülhəsənova Aytən Ələsgər qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 20; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (00100-01632/24) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* (00100-01632/24) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, ev 20 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən 27AHH016/27ANC442 nömrə nişanlı yük avtomobili ilə Almaniyadan göndərilmiş 460 kq, Almaniya istehsalı olan üyütmə silindri, üyütmə startoru, üyütmə rotoru yükləri **********9716 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin yüklərin emal müddətinin bitməsinə baxmayaraq bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Belə ki, daxildə emal müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq **********9716 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 460 kq, Almaniya istehsalı olan üyütmə silindri, üyütmə startoru, üyütmə rotoru yüklərinin daxildə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmiş, törətməmiş inzibai xətanı davam etdirmiş və ya uzadılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı metal konstruksiyalarının istehsalı və təmiri faəliyyətlə məşğuldur. Şirkətin ünvanına Almaniyadan göndərilmiş və 460 kq, Almaniya istehsalı olan üyütmə silindri, üyütmə startoru, üyütmə rotoru yüklərin Almaniyanın “İxun Lasertechnik GMBH” tərəfindən təmirə ehtiyacı olduğu üçün Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********9716 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində həmin mallar daxil də emal xüsusi gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir. Həmin mallar bir il ərzində emal olunaraq Almaniyada fəaliyyət göstərən "İxun Lasertechnik GMBH” şirkətinə geri göndərilməli idi. Daxildə emal prosedurunun müddətinin bitməsindən xəbərsiz olmuşlar, malları Almaniyaya göndərmək üçün hava limanına yaxınlaşdıqda Karqo Terminalında bildirilmişdir ki, daxildə emal xüsusi gömrük prosedurunun müddəti bitib. Bundan əlavə mallara dair DGK-nıb Ekspertiza İdarəsinin rəyi gecikdiyindən həmin mallar xx.xx.2023-cü il tarixdə buraxılışa verilmişdir. Mallar hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Karqo Terminalındadır. Buraxılışa icazə verilən kimi Almaniya Respublikasına göndəriləcək. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan daxil olmuş 3-33-1100/012/014264 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********9716 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. Lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair tədbir görülməmişdir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli invoys sənədinə əsasən **********9716 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən 460 kq Almaniya istehsalı olan üyütmə silindri, üyütmə startoru, üyütmə rotoru yüklərin ümumi dəyəri 10.000 Avro təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXMnin 497-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 10.000 Avro valyuta vəsaiti məbləğinin 30 faizi – 3000 (üç min) Avro məbləğində inzibati cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2724/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2724/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver