Məhkəmə qərarları › İş №3(006)-2725/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2725/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2725/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında 20-ci polis bölməsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi, ev 09B, mənzil 01-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 25 may 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən “Muğan” kafesində səsküy salmış, xırda xuliqanlıq edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru X5 izahat verərək göstərdi ki, 25 may 2023-cü il tarixdə X2 müraciəti əsasında ünvan 1 ünvanda yerləşən “Muğan” kafesinə getmişlər. Orada bir nəfərin yüksək səs tonu ilə nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmış və onu sakitləşdirib ictimai asayişi pozmamağı, vətəndaşları narahat etməməyi xahiş etmişlər. Lakin həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətlərə davam etmişdir. Bu səbəbdən də həmin şəxsi 20-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə bu şəxsin Şəxs olduğu müəyyən olunmuş və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 25 may 2023-cü il tarixli, 2/16425 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokoluna əsasən Şəxs müayinə vaxtı yüngül dərəcəli sərxoş olmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, marketdən pivə aldıqdan sonra nahat etmək məqsədi ilə “Muğan” kafesində əyləşmişdir. Sifariş verdiyi yemək gəlməyəndə onun səbəbini soruşmuş və ona bildirilmişdir ki, müdiriyyət tərəfindən ona yemək gətirilməsinə icazə verilmir. O da buna etiraz etmiş və ofisiantlarla arasında bir az səs-küy yaranmışdır. Bir müddət sonra kafeyə polis əməkdaşları daxil olmuş və onu 20-ci polis bölməsinə aparmışlar. O, polis əməkdaşlarına tabesizlik etməmişdir. Ona həbslə bağlı olmayan tənbehin veriməsini xahiş edir. Məhkəmədə 20-ci polis bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru X7 şahid qismində izahatında bildirdi ki, 25 may 2023-cü il tarixdə 20-ci polis bölməsinin əməliyyat qrupunda xidmətdə olan zaman X2 müraciəti əsasında “Muğan” kafesinə getmişlər. Orada bir nəfərin yüksək səs tonu ilə nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin şəxs bu hərəkətlərinə son qoymadığına və polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə onu 20-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə onun Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan: • “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 25 may 2023-cü il tarixdə, saat 20:40-da tutulmuşdur; • 25 may 2023-cü il tarixli, 2/16425 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokoluna əsasən Şəxs müayinə vaxtı yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi özü tərəfindən inkar olunsa da, şahid ifadələri və işin halları ilə tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Eyni zamanda onun tərəfindən inzibati xətanı sərxoş halda törədilməsi İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə görə məsuliyyəti ağırlaşdıran hal hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla ona 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar