Məhkəmə qərarları › İş №3(006)-2726/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2726/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2726/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, şikayətçi X2 və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarı ilə İXM-nin 430.4-cü maddəsi ilə 6.000 ABŞ dolları məbləğində cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, o, 60.000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bildirmişdir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib etmiş olduğu protokol və qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında vurğulanmışdır ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallarn idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılınaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən elmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya məhkəməsinin hüquqi mövqeyi ilə bağlı qeyd edək ki, hazırki iş üzrə malların gecikdirilməsi, vaxtında təhvil verilməməsi onun təqsiri və ya onun hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, malların təhvil verilməsi tranzit ölkə olaraq İran üzərindən həyata keçirilirdi. Lakin İrana tranzit daşımalarla bağlı qoyulmuş sanksiyalardan sonra malların təhvil verilməsində ciddi problemlər yaşandı. Yəni sanksiyadan əvvəl mallar Bəndər-Abbas limanı üzərindən gəlirdi, hazırda isə başqa limanlar üzərindən gəlir. Eyni zamanda müqavilə tərəfi olan “X3” tərəfindən ünvanlanmış məktubda da göstərilmişdir ki, malların vaxtında göndərilməməsinin səbəbi Pakistanda baş vermiş pandemiya ilə bağlı zavoda verilən elektrik enerjisinin azaldılması və işçi çatışmazlığı, kadr sayının məhdudluğundan yaranmışdır. Həmçinin digər bir məktubda gecikmənin səbəbini limanda baş vermiş problemlərlə əlaqələndirmişlər. Sözügedən məktubları əlavə etmişdir. Həmçinin 60.000 dollar məbləğində olan pul onun şəxsi, müstəqil vəsaiti deyil, ona sahibkarlığa dəstək fondu tərəfindən verilmiş kreditdir ki, həmin krediti malların alınması üçün istifadə etmişdir. Həmin krediti müqaviləsini və ödəniş tapşırığını əlavə etmişdir. X7 Əliyev dəfələrlə vurğulayır ki, son illər ölkəmizdə uğurlu iqtisadi islahatların əldə edilməsində özəl sektorun, milli sahibkarlar təbəqəsinin rolu kifayət qədər böyükdür. Prezident xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycan hökumətinin son illərdə sahibkarlara maliyyə dəstəyini gücləndirməsi 2009 və 2010-cu ilin ötən dövrü ərzində təqdim olunan investisiya layihələrinin savının əhəmiyyətli dərəcədə artmasında da özünü göstərir. X5 dövlətin həmişə sahibkarlara böyük dəstək göstərdiyini və bu siyasətin davamlı olacağını bəyan edib: “Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir”. Dövlətin göstərdiyi qayğı və dəstək hesabına əldə edilmiş vəsaitdən istifadədən heç bir gəlir əldə etmədən hazırki vəziyyətdə üstəlik bir daha cərimə olunması sahibkarı ağır fərdi yükə, bərpa olunmaz zərərə məruz qoyur. Belə ki, bu hal sahibkarı həm götürdüyü kreditin faizlərini, həmdə əsassız cəriməni ödəməklə üz-üzə qovur. Hansı ki, malların gəlməsinin gecikdirilməsi müqavilənin digər tərəfinin, yəni xarici şirkətin “X3”-in təqsiri ucbatından baş vermişdir. Göstərilənlərə əsasən barəsində əsassız və qanunsuz qəbul edilmiş xx.xx.2023-cü i tarixli, EP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi C.A.Babayevin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə şikayətinə məzmununa uyğun çıxış edərək Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi F.F.Yadigarov şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, C.A.Babayev 60.000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçsə də, 60.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də, o, Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 6.000 ABŞ dolları məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, C.A.Babayev tərəfindən 60.000,00 ABŞ dolları məbləğində olan vəsait Pakistan Respublikasında yerləşən “X3” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan “X3” şirkətinin C.A.Babayevə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli 208/2021 nömrəli malların ticarəti ilə bağlı aralarında bağlanmış müqavilənin icrası, malların çatdırılmasında gecikmə ilə əlaqədar olaraq qeyd edir ki, ləngimə ölkədə uzun müddət davam edən pandemiya və fabrikin iş prinsipi ilə əlaqədar olmuşdur. Belə ki, ölkədə uzun müddət davam edən pandemiya ilə bağlı iş məcburi şəkildə dayandırılmış, iş bərpa olunduqdan sonra fabrikdə (ayda cəmi 16 gün) elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranmışdır. Həmçinin fəhlə və kadr çatışmazlığı üzündən işlərin vaxtında çatdırılmasında problemlərlə üzləşmişlər. Yaranmış vəziyyətə görə səmimi olaraq üzr istəmiş, bu vəziyyətin aralarından işgüzar münasibətlərin davam etdirilməsi ilə bağlı əməkdaşlıqlarına xələl gətirməyəcəyini bildirmişdir. İş materiallarında olan “X3” şirkətinin C.A.Babayevə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, faktura nömrələri 70/2023-5-dir. May ayında TRLU8148291 nömrəli konteynerlə yük göndərmişdir. Normalda konteyner 20-25 günə çatırdı, lakin indi göndərmə xətti onlara JEBAL ALİ-da əlaqə olmadığı haqqında məlumat vermişdir. Ona görə də konteyner gecikib və bir neçə gündən sonra BANDAR ABBAS-a çatacaq. Göndəriş Xətti də gecikməyə görə üzr istəmiş və növbəti dəfə belə şikayətin olmayacağına söz vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********9812 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, C.A.Babayevin xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürdüyü 60.000,00 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin müqabilində xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, C.A.Babayev 60.000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçsə də, 60.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də, o, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 6.000 ABŞ dolları məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, C.A.Babayev tərəfindən sifariş edilmiş malların ölkəyə gec idxalı ondan asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, şikayətçini müqavilə bağladığı “X3” şirkətinin yerləşdiyi Pakistan Respublikasında uzun müddət davam edən pandemiya ilə bağlı iş məcburi şəkildə dayandırılmış, iş bərpa olunduqdan sonra fabrikdə (ayda cəmi 16 gün) elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranmışdır. Həmçinin fəhlə və kadr çatışmazlığı üzündən işlərin vaxtında çatdırılmasında problemlərlə olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq malların ölkəyə idxalının gecikdirilməsi C.A.Babayev asılı olmayan səbəbdən baş verdiyindən sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi C.A.Babayevin əməlində inzibati xəta tərkibi olmadığından, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və C.A.Babayevin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Mərkəzi Bankıının xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar