Məhkəmə qərarları › İş №3(006)-2727/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2727/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2727/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyev Azər Heydər oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Mingəçevir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 15, mənzil 46-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(018)-245/2021 saylı icra sənədinə əsasən 9800 (doqquz min səkkiz yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun Şəxs tutularaq X2 verilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etməmiş, borcu ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Astara rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(018)-245/2021 saylı icra sənədinə əsasən 9800 (doqquz min səkkiz yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun Şəxs tutularaq X2 verilməsi qərara alınmışdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası tam təmin edilməmişdir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilsə də, onun adına tələbin yönəldilə biləcək heç bir əmlak növü aşkar edilməmişdir. Borclu yaranmış borcunu ödəməkdən yayınır. Bununla bağlı Şəxs barəsində axtarış elan edilmiş və icra edilməsi üçün polisə göndərilmişdir. İcra şöbəsinə gətirildikdən sonra Şəxs izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edildikən sonra isə 500 manat pul tələbkara ödənilməsi üçün ona təqdim edilmişdir. Həmçinin borclu əvvəllər işlədiyi vaxt borc üzrə ödənişlər onun əmək haqqısına yönəldilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Astara rayon məhkəməsinin qətnaməsindən xəbəri olsa da, borcu tam ödəməyə imkanı olmamışdır. İcra sənədi üzrə müəyyən vaxtlarda ödəniş etmiş, protokol tərtib olunan vaxt əlavə olaraq 500 manat ödəmişdir. Əvvəllər borc üzrə ödənişlər onun əmək haqqısına yönəldilmişdir. Onun heç vaxt icra məmurunun qanuni tələbindən yayınmaq məqsədi olmamışdır. Qalan borcunu isə hissə-hissə ödəyərək müəyyən müddət ərzində bağlayacaqdır. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə icranın təmin edilməsi məqsədilə hərəkətlər edilir və tələbkara pul hissə-hissə ödənilir. İş materiallarında olan Astara rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(018)-245/2021 saylı icra sənədindən görünür ki, 9800 (doqquz min səkkiz yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun Şəxs tutularaq X2 verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs tərəfindən 500 manat pul vəsaiti tələbkara təqdim edilməsi üçün icra məmuruna təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar