Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2728/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 2025-ci ilin aylıq üzrə 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı mart ayı üzrə aprel ayının 5-ci iş günü saat 13:00-dək təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 yazılı etiraz təqdim edib ona uyğun izahatında bildirmişdir ki, Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin protokolu əsassızdır. Belə ki, Şəxs İXM-nin 389-cu maddəsinin tələblərini pozmamışdır. Statistika hesabatının verildiyi dövrdə statistika komitəsinin sistemində hər dəfə olduğu kimi texniki problem olmuşdur və biz hər zamankı kimi hesabatı elektron poçtla təqdim etmişdir. “Outlook” faylı sübut olaraq təqdim edilir. Sistemdə olan nasazlıqlarla bağlı statistika komitəsini əməkdaşları ilə əlaqə saxlanılıb və onlar hesabatı “mail” ilə təqdim edilməsini istəmişlər. Əlavə olaraq bildirir ki, onlar Dövlət Statistika Komitəsinin bildirişini almamışdır. İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci bəndinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 75-ci maddəsinə müvafiq İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardan biri də inzibati xəta törətməkdə şəxsin təqsiridir ki, yuxarıda qeyd etdiyi səbəblərdən aydın görünür ki, hesabatı təqdim edilmişdir. Maddənin tələblərindən göründüyü kimi intizam məsuliyyətinə cəlb edilmək üçün müvafiq tərkib mövcud deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmadığı üçün barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 53.1.6-cı maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmənin qeyd edilən halları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokolu tərtib edən orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəfin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 2025-ci ilin aylıq üzrə 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı mart ayı üzrə aprel ayının 5-ci iş günü saat 13:00-dək təqdim etməmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən 2025-ci ilin aylıq üzrə 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) mart ayı üzrə rəsmi statistik hesabatından və mailto:bakstat@stat.gov.azElektron ünvan saytına ünvanlanmış çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən sistem düzgün çalışmadığından və tez-tez donmalar olduğundan 2025-ci ilin aylıq üzrə 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) mart ayı üzrə hesabat gecikmə ilə təqdim edilmişdir. Beləliklə məhkəmədə müəyyən olunur ki, Şəxs MMC 2025-ci ilin aylıq üzrə 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) mart ayı rəsmi statistik hesabatı aprel ayında sistemdə yaranmış problemlərə görə gecikmə ilə təqdim edilmişdir. Belə olan halda isə xətanın qərəzli olaraq törədilməsi müəyyən edilmir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2019-cu il tarixli, 36/13 saylı qərarı ilə təsdiq edilmiş “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında” 12-ticarət №-li aylıq rəsmi statistika hesabatı formasında (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə **********3613 nömrə ilə qeydiyyata alınmışdır) göstərilmişdir ki, hesabat əsas fəaliyyəti ticarət, avtonəqliyyat vasitələrinə texniki qulluq göstərilməsi və onların təmiri olan hüquqi şəxslər (onların nümayəndəlik və filialları) tərəfindən elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir: kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13.00-dək; mikro sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 20-dək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manatdan aşağı olan, kiçik sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan yuxarı, 3 milyon manatdan aşağı olan, orta sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3 milyon manatdan yuxarı, 30 milyon manatdan aşağı olan, iri sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 251 və ondan yuxarı, illik gəliri 30 milyon manatdan yuxarı olan sahibkarlıq subyektləri aiddir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2728/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2728/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver