Məhkəmə qərarları › İş №3(006)-2729/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2729/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2729/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 133/2019 saylı icra vərəqələrinin və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2609/2020 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-133/2019 saylı məhkəmə qətnaməsinə əsasən ondan 13213,75 manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, həmçinin 246 manat ekspertiza xərcinin ondan alınmaqla dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 2609/2020 saylı qətnaməsinə əsasən onun şikayəti təmin edilməmişdir. Onun məhkəmə qətnamələri üzrə icra vərəqələrini tam icra etmək üçün maddi imkanı olmamışdır. Bundan əlavə, himayəsində xəstə anasının olması borc üzrə ödənişləri etməyinə şərait yaratmamışdır. Hal-hazırda işsizdir və bu səbəbdən borc üzrə ödənişləri edə bilmir, lakin gələcəkdə həmin məbləğlər üzrə hissə-hissə ödənişlər edəcəkdir. Məhkəmədən göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-133/2019 saylı məhkəmə qətnaməsinə əsasən Şəxs 13213,75 manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, həmçinin 246 manat ekspertiza xərcinin Şəxs alınmaqla dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2609/2020 saylı qətnaməsinə əsasən Şəxs 120 manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədləri Nəsimi rayon İcra şöbəsində icraata daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü olaraq təmin edilməsi üçün borcluya bildirişlər göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədlərinin icrası təmin edilməmişdir. Şəxs verdiyi izahatında icra sənədlərindən xəbəri olsa da, işsiz olduğundan borc üzrə ödənişləri etmək imkanına malik olmadığını bildirmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin borcu ödəməkdən yayınması aşkar edilmiş və onun icra sənədləri üzrə ödəməsi üçün etdikləri cəhdlər nəticə vermədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 133/2019 saylı məhkəmə qətnaməsinə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2609/2020 saylı qətnaməsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-133/2019 saylı məhkəmə qətnaməsinə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2609/2020 saylı qətnaməsinə əsasən Şəxs 13213,75 manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, həmçinin 246 manat ekspertiza xərcinin Şəxs alınmaqla dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2609/2020 saylı qətnaməsinə əsasən Şəxs 120 manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” qərarlardan, “tələbin könüllü icrası haqqında” bildirişlərdən və Şəxs izahatlarından görünür ki, Nəsimi rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya göndərilmişdir. Şəxs verdiyi izahatlarında icra sənədlərindən xəbəri olsa da, maddi imkanı olmadığından ödənişlər edə bilməyəcəyini bildirmişdir. Qeyd olunan icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, xx.xx.1997-ci il). Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2022-ci il tarixdən, saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra Şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar