Məhkəmə qərarları › İş №3(006)-2732/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2732/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2732/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Azərbaycan Respublikası X8 Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, X5 barəsində Azərbaycan Respublikası X8 Bakı şəhəri Reklam İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən X5 24 may 2023-cü il tarixdə, saat 12:00da ona məxsus ünvan 1 ünvanında yerləşən «Aziz Bəbə» adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən «Aziz Bəbə» adlı obyekt ona məxsusdur. Həmin obyektin ətrafında natəmizlik olduğundan orada vinil yerləşdirmək üçün X8 Bakı şəhəri Reklam İdarəsindən müvafiq icazəni almış, lakin həmin vinili yerləşdirdikdən sonra reklam idarəsi tərəfindən ona ödəniş edilməli olduğu bildirilmişdir. O, 6 ay öncədən həmin vinillərin reklam hesab edilməsi barədə qanuna uyğun olaraq ona cavab verilməsi barədə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Buna baxmayaraq, X8 Bakı şəhəri Reklam İdarəsi tərəfindən qanuna uyğun olmayan əsasla protokol tərtib edilmişdir. Halbuki, həmin vinillərin reklam hesab edilməsi barədə hər hansı qanuni sənəd mövcud olmamışdır. Sonda barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun əsassız olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası X8 Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X3 tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuni və əsaslı olduğunu bildirərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası X8nin Bakı şəhəri Reklam İdarəsi tərəfindən X4 məxsus olan ünvan 1 ünvanında yerləşən «Aziz Bəbə» adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən «Aziz Bəbə» adlı obyektdə “gözmuncuğu” fromasında vinillərdən istifadə edilmişdir ki, həmin vinilllər də üzərində olan formasına görə diqqət cəlb etdiyindən reklam daşıyıcısı hesab edilməlidir. Nəzərə alınmalıdır ki, sahibkarın vinillərdən reklam vasitəsi kimi istifadə etmək fikri olmasa, həmin vinilləri şəffaf formada istifadə etmək və ya pərdələrdən istifadə edərdi. Qeyd olunmalıdır ki, reklam yerləşdirildikdən sonra müvafiq icazə alınmalıdır. Bununla da, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və onun barəsində 24 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İzahatının sonunda X2 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə görə açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Bu Qanunun 26.2-3-cü maddəsinə görə reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Sözügedən Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən 24 may 2023-cü il tarixdə X2 işlətdiyi obyektdə yoxlama zamanı həmin obyektin üzərində, açıq havada reklam yerləşdirilmiş vəziyyətdə olmuşdur. Burada, reklam yayıcısı hesab olunan X5 reklam yerləşdirmək üçün müvafiq qurumdan, yəni Bakı şəhər Reklam İdarəsindən icazə almamış, icazənin verilməsinə görə qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödəməmişdir. X2 məhkəmə iclasında verdiyi izahatına münasibətdə məhkəmə qeyd edir ki, vinillərin reklam hesab edilib-edilməməsi ilə əlaqədar müraciət etsə də, həmin vinillər reklam daşıyıcısı hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi, həmin vinillər üzərində “gözmuncuğu” formasında olan diqqət cəlb edən predmetdən istifadə etdiyindən reklam hesab edilməlidir. Göründüyü kimi, həmin şəxsin izahatında göstərilənlər məhkəmə tərəfindən əldə edilərək tədqiq olunmuş rəsmi sənədlərlə təkzib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə X5 barəsində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X2 törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, vəzifəli şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxslər hesab edilirlər. Materiallardan görünür ki, X5 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar