Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2736/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27419989 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27419989 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-cil tarixli qərarı ilə İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş xəta törətdiyinə görə 400 manat məbləğində cərimə tətbiq olunmuşdur. Sürücülük vəsiqəsinin məhdudlaşdırılması ilə bağlı heç bir məlumatı olmadığından avtomobili idarə etmişdir. Sms radar vasitəsilə 400 manat cərimə gəldiyini görəndən sora öyrənmişdir ki, İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək sürücülük vəsiqəsi məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27419989 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ/27419989 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan cərimələrlə bağlı sms bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli, EQ/27419989 inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2025-ci il tarixdə saat 00:49:50-də NTS2-Fizuli küçəsi Mərkəzi Park ist 1 ünvanında “Mercedes Benz C250 Minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsi ilə 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan 3(006)-1223/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(006)- 1888/2025 saylı, xx.xx.2025-ci il tarixli və 3(006)-2024/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarlarının məzmunundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 xx.xx.2025-ci il tarixli və xx.xx.2025ci il tarixli məhkəmə iclaslarında iştirak etməmişdir. Həmçinin müəyyən olunur ki, X3 barəsində İXM-nin 332.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar xx.xx.2025-ci il tarixdə, yəni 3(006)-1888/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan 05 gün sonra, 3(006)-2024/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan isə 04 gün sonra qəbul edilmişdir. Həmin vaxt ərzində isə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması barədə qərarların X2 çatması ağlabatan deyil. Bu da onun həmin qərarlardan məlumatlı olmaması mülahizəsini qəbul etməyə əsas verir. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 3(006)-1223/2025 saylı inzibati iş materialı nəzərdən keçirildikdə müəyyən edilir ki, həmin iş üzrə məhkəmənin bildirişinin və qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın X2 çatmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Beləliklə, məhkəmə tərəfindən araşdırma aparılan zaman müəyyən edildi ki, X3 barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair məhkəmə qərarları ona təqdim edilmədiyindən o, həmin qərarlardan məlumatlı olmamışdır. Belə olan halda, X3 həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27419989 inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27419989 inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2736/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2736/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver