Məhkəmə qərarları › İş №3(006)-274/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-274/2021

11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-274/2021 11.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1964-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-1761/2006 saylı icra sənədinə əsasən Şəxs oğlundan 16.340 ABŞ dolları məbləğində pul ödənilən zaman Azaərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla alınaraq X4 verilməlidir. Borclu icra sənədində göstərilən tələbi heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Məhkəmə iclasında icra məmuru X10 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-1761/2006 saylı icra sənədinə əsasən Şəxs oğlundan 16.340 ABŞ dolları məbləğində pul ödənilən zaman Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla alınaraq X4 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilsə də, onun adına tələbin yönəldilə biləcək heç bir əmlak növü aşkar edilməmişdir. Bununla yanaşı borclu Şəxs işlə təmin olunmasında köməklik göstərilməsi məqsədilə Nəsimi Rayon Məşğulluq Mərkəzinə müraciət edilmiş, həmin qurum tərəfindən borclunun X9 qeydiyyatda olduğu və onun vakansiyaları izləyib 5 saylı X6 filialına yaxınlaşması bildirilmişdir. Bununla bağlı borcluya məlumat verilsə də, o, bu günə kimi icra sənədi üzrə yaranmış borcunu ödəməkdən və mərkəzə müraciət etməkdən müxtəlif bəhanələrlə yayınmaqdadır. Buna görə də, Şəxs oğlu icra şöbəsinə dəvət edilmiş, məsələ ilə bağlı izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahatında bildirdi ki, borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-1761/2006 saylı icra sənədi üzrə ona olan borcunu ödəməkdən qəsdən yayınır. İndiyə kimi heç bir ödəniş etməmişdir. İcra məmuru onu işlə təmin etmək istəsədə qəsdən işləmək istəmir. Borcun ödənilməsini istəyir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirdi ki, hazırda işsiz olduğundan icra sənədi üzrə borcunu ödəməyə maddi imkanı yoxdur. Məşğulluq Mərkəzindən ona bir neçə iş təklif olunsa da, həmin işlər ağır şəraitli olduğundan səhhətində olan problemlərə görə işləyə bilmir. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 1761/2006 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, 16.340 ABŞ dolları yaranmış borcu üzrə heç bir ödəniş etməmiş, üzrsüz olaraq icra sənədini icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə xx xxxx 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə x xxx 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, ona təklif olunan iş yerində işləməkdən yayaındığını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X7 Məntəqəsinə yerləşdirilsin. Qərarın icrası Nəsimi Rayon Polis İdarəsinə və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar