Məhkəmə qərarları › İş №3(006)-2740/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2740/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2740/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Qərardan şikayət vermiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25078494 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25078494 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, atası X1 şəxsi mülkiyyətində olan ** EP *** dövlət nömrə nişanlı, “Opel Astra” markalı minik avtomobilinin idarə edilməsi üçün ona etibarnamə verilmiş, lakin o, heç vaxt etibarnamədən istifadə edə bilməmiş və həmin avtomobili idarə etməmişdir. Buna baxmayaraq, xx.xx.2024-cü il, EQ 25078494 saylı protokolla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 AZN və 2 bal cərimə edilmişdir. Tərtib olunan protokolun heç biri ona və avtomobilin mülkiyyətçisinə qanunvericiliyə uyğun şəkildə göndərilmədiyindən məlumatsız olmuşlar. Nəticədə şikayət vermə, yaxud da həmin protokol üzrə edilən cərimənin vaxtında ödənilməsini həyata keçirə bilməmişlər. Barəsində tərtib olunan həmin inzibatı cərimə protokolu ona beş aydan sonra təqdim olunmuşdur. Onun bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə etdiyi elektron şikayətinə imtina cavabı verilərək bildirilmişdir ki, şikayət etmə müddətini bitirdiyindən şikayətə baxılması mümkün deyildir. Avtomobili idarə edən və şəxsi mülkiyyətçinin yol hərəkəti qaydalarını onun pozması barədə AR DİN BDYPİ-nə etdiyi müraciətinə də imtina cavabı verilmişdir. Həmin avtomobili idarə etmədiyi halda barəsində inzibatı xətanın törədilməsi haqqında protokolda nəzərdə tutulan cəza ədalətsiz və qeyri-qanunidir. Həmçinin tərtib edilmiş protokol ona vvə mülkiyyətçiyə qanunvericiliyin tələblərinə uyğun şəkildə təqdim olunmayıb. Ona görə də hesab edir ki, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 25078494 saylı protokolla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 AZN və 2 bal cərimə və hesablanan dəbbə pulu ləğv edilməlidir. Göründüyü kimi barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında elektron qərar qanunvericilikdə nəzərdə tutulduğu kimi bir gün müddətində deyil, təxminən 5 aydan sonra ona məlum olmuşdur. Onun bununla bağlı AR DİN BDYPİ-nə etdiyi şikayətlərin cavablarının uzadılması tətbiq olunmuş cərimələrə dəbbə pulu da əlavə etmişdir. Beləliklə, ona maddi zərər vurulmuşdur. Göstərilənlərə əsasən barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 25078494 saylı protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 AZN və 2 bal cərimə nəzərdə tutulan inzibati cəzanın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi X3 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə etmişdir ki, avtomobili oğlu yox özü idarə etmişdir, oğlu hərbi xidmətdədir. Eyni zamana inzibati tənbeh vermə haqqında qərar onlara qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25078494 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ““X8” markalı, ** EP *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən idarə edilmədiyi halda xx.xx.2024-cü il tarixdə, saat 17:36-da Z.Bünyadov – İ.Dadaşov küçələrinin kəsişməsi ünvanında baş vermiş inzibati xəta hadisəsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X4 barəsində qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin inzibati xəta hadisəsinə dair qəbul olunmuş qərarda göstərilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Hazırkı iş üzrə inzibati xəta hadisəsi 15 dekabr 2024-cü il tarixdə törədilmiş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, lakin şikayət verən şəxs bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qanunvericilikdə nəzərdə tutulduğu kimi inzibati xətanın törədildiyi gündən bir gün müddətində informasiya sisteminə yerləşdirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X4 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən göstərilən hallar tam araşdırılmamış və inzibati xəta hadisənin kim tərəfindən törədilməsi müəyyən edilmədən əsassız qərar qəbul olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25078494 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25078494 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar