Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2744/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: "xxxx" MMC-in nümayəndəsi Nümayəndə iştirakları ilə "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, ev 93, mənzil 07, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-yə məxsus ünvan 2 saylı ünvanda yerləşən klinikada xx.xx.2023-cü il tarixdə, saat 10:00-da keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar laboratoriya işinə aid “biomaterialların götürülmə sahəsi” üzrə fəaliyyət aşkar edilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, "xxxx" MMC 16 mart 2016-cı il tarixdə özəl tibb müəssisəsi kimi fəaliyyətə başlamış, özəl tibb fəaliyyəti ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə İN/L-1878/2016 saylı lisenziya verilmişdir. Lisenziyanın əlavəsində göstərilən sahələr üzrə tibb müəssisəsi fəaliyyətini həyata keçirir. Tibb müəssisənin laboratoriyası mövcud deyil, tibb müəssisəsinin lisenziyadan kənar işlərin görülməsi yalnız biomaterialın götürülməsi ilə məhdudlaşmışdır. Qeyd edir ki, lisenziya alındığı vaxt, bir qayda olaraq, bütün tibb müəssisələrində Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilir və lisenziya alınması ilə bağlı müvafiq rəy verilir. "xxxx" MMC-nin lisenziyasının alınması zamanı, habelə sonrakı dövrdə aidiyyəti dövlət orqanları tərəfindən biomaterialın götürülməsi üçün klinik-laboratoriya işinə aid icazənin alınması barədə hər hansı məlumat verilməmiş və metodiki köməklik göstərilməmişdir. Əgər biomaterilların götürülməsi halı lisenziyadan kənar fəaliyyət göstərilməsi kimi qiymətləndirilirsə, bu hal bütün tibb müəssisələrinə, o cümlədən dövlət poliklinkalarına aid edilməli olduğu halda, bir sıra dövlət poliklinikaları (o, cümlədən, “ASAN xidmət” mərkəzləri) vardır ki, həmin müəssisələrdə biomateriallar götürülsə də, onların laboratoriyaları mövcud deyildir. Belə çıxır ki, qanunvericiliyin tələbləri yalnız özəl tibb müəssisələrinə aid edilib. Bütün bunlara rəğmən, "xxxx" MMC yoxlama nəticəsində aşkar olunmuş çatışmazlığı aradan qaldırmaq məqsədi ilə müvafiq sənədlər toplayıb kliniklaboratoriya fəaliyyəti üzrə icazəni almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və yaxın günlərdə həmin sənədin alınması nəzərdə tutulur. "xxxx" MMC-nin göstərdiyi müddət ərzində nümunəvi klinika olaraq heç bir tənbeh almamış, öz işini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmuşdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli, KY231919935 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən "xxxx" MMC-də plan üzrə (növbəti) yoxlamanın aparılmasına icazə verilir, yoxlama müddəti 22-26 may 2023-cü il; • "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-ci il tarixli, 2-12211 saylı bildirişə əsasən şirkətin fəaliyyət ünvanı olan ünvan 3 may 2023-cü il tarixlərdə plan üzrə (növbəti) yoxlamanın keçiriləcəyi bildirilərək bununla bağlı zəruri şəraitin yaradılması xahiş olunmuş, eyni zamanda sənədə yoxlamanın aparılması haqqında qərarın surəti və hüquq, vəzifələr barədə qanunvericilikdən çıxarışın əlavə olunduğu qeyd edilmişdir; • xx.xx.2023-cü il tarixli, 361 saylı “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama Aktı”na və ona əlavə edilmiş fotoşəkillərə əsasən "xxxx" MMC-yə məxsus ünvan 2 saylı ünvanda yerləşən klinikada xx.xx.2023-cü il tarixdə, saat 10:00-da keçirilən planlı yoxlama zamanı lisenziyada göstərilən işlərdən kənar sahə və fəaliyyət aşkarlanmışdır. Orada laboratoriya işlərinə aid “Biomaterialların götürülmə otağı” yaradılmış, bütün növ biomaterialların götürülməsi üçün şərait təşkil edilmişdir; • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2016-cı il tarixli, İN/L-1878/2016 saylı lisenziya və onun əlavəsinə görə şirkətə ünvan 2 ünvanda özəl tibb fəaliyyətinin ambulator və səyyar tibb xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısında terapiya, kardiologiya və s. nəzərdə tutulsalar da, laboratoriya işi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda laboratoriya işləri (klinik, klinik-biokimyəvi, immunogenetik) ayrıca iş kimi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmədə müəyyən olunur ki, özəl tibbi müəssisələrində laboratoriya işlərinin (klinik, klinik-biokimyəvi, immunogenetik) həyata keçirilməsi üçün lisenziyanın alınması tələb olunsa da, "xxxx" MMC tərəfindən buna lisenziya əldə olunmadan ünvan 2 saylı ünvanda yerləşən klinikada xx.xx.2023-cü il tarixdə laboratoriya işi üzrə fəaliyyətə yol verilmişdir. Beləliklə, məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “Ultra Lab MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2744/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2744/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver